Hicran Hüseynova Sumqayıtda qadınlardan ibarət təşəbbüs qrupu ilə görüş keçirdi

Bu gün Milli Məclisin deputatı Hicran xanım Hüseynova ilə Sumqayıtda qadınlardan ibarət təşəbbüs qrupunun görüşü keçirilmişdir. Təşəbbüs qrupu bir neçə ildir ki, Sumqayıtda müxtəlif məsələlərlə bağlı könüllü şəkildə tədbirlər keçirirlər. Bu yaxınlarda Prezidentin “Qarabağa qayıdış”la bağlı müraciətindən sonra həmin qadınlar Sumqayıtda yaşayan keçmiş məcburi köçkün qadınlar arasında 200 nəfərlik bir sorğu keçirmişlər. Sorğuda müxtəlif suallarla, həm də “Qarabağa qayıdış”la bağlı istəklər, qorxular və gözləntilər haqqında suallar toplusu hazırlanmışdır. Həmin qadınlar sorğunu hazırladıqdan sonra həm də 4 fokus qrupdan ibarət görüş keçirmişlər və həmin görüşdə də müxtəlif suallarla bağlı cavablar alınmışdır. Ümumilikdə respondentlərin əksəriyyəti bildirmişlər ki, onlar Qarabağa dönmək, yaşamaq arzusundadırlar. Amma çoxunun qorxusu orda olan minalar və orada minalardan təmizlənməmiş sahələrin hələ qalması, müharibə qorxusu, işsizlik qorxusu və müxtəlif bu kimi məsələlərin gündəmdə olduğu göstərilir. Bu təşəbbüs qrupundan ibarət olan qadınlar, müəllimlər, ziyalılarımız həm də Qarabağa dönüş zamanı könüllü olaraq müxtəlif sahələrdə çalışmaq istəyirlər. Onlar müxtəlif icmaların yaradılmasına, qadınların və orada yaşayan sakinlərin arasında olan problemlərin araşdırılması, üzə çıxarılması məsələlərinə də könüllü şəkildə yardım etmək istəyirlər. Bu müəllimlər həm Covid-19 zamanı, müharibə  və müharibədən sonrakı illərdə müxtəlif imkansız ailələrin evlərini ziyarət etmiş, şəhid və qazi ailələrini ziyarət etmiş, könüllü şəkildə onların uşaqlarının müxtəlif yarışlara cəlb olunmasına köməklik göstərmişlər. Bundan sonra da bu təşəbbüs qrupunun üzvləri müxtəlif bu tipli tədbirləri keçirəcəklər. Qadınlar bu gün Hicran xanımla görüş zamanı gördükləri müxtəliş işlər barədə məlumat vermiş və çox istəyirlər ki, qadın məsələlərində və qadın problemlərinin həllində çox böyük əməyi olan Hicran xanım Hüseynova da bu təşəbbüslərə qoşulsun və həmin təşəbbüs qrupunun daha da genişlənməsinə köməklik göstərsin. Görüşdə Hicran xanım Hüseynova da görülmüş işlərin təqdirəlayiq olduğunu bildirmiş və gələcəkdə müxtəlif sahələrdə, xüsusi ilə də şəhid və qazi ailələrinin, onların övladlarının müxtəlif peşələrə yiyələnməsinə dəstək olmasında bərabər işləmək üçün məsləhətlər vermişdir.