"Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi Prezident İlham Əliyevin müharibə iştirakçılarına göstərdiyi diqqətin, dövlət qayğısının təzahürüdür".
Bunu e-huquq.az-a açıqlamaısnda Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
O bildirib ki, şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına hər zaman xüsusi diqqət göstərilir və onların sosial müdafiəsi, rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq mühüm tədbirlər həyata keçirilir.
"Bundan əvvəl də Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə birdəfəlik yardımlar verilmişdi. Ancaq müəyyən kateqoriya insanlar var idi ki, yardımları almamışdı və ya müəyyən səbəblərdən narazı qalanlar olmuşdu. Prezidentin sərəncamı ilə həmin ailələrə dəstək göstərildi. Bu da Azərbaycan dövlətinin, onun başçısısnın apardığı humanist siyasətin bir təzahürüdür. Cənab Prezident hər zaman sosial qayğıya ehtiyacı olan insanlara öz dəstəyini verir. Təsadüfi deyil ki, artıq şəhid ailələri və müharibə əlillərinə 12500-dən artıq mənzil və fərdi ev verilib. Minlərlə müharibə əlili minik avtomobili ilə təmin olunub. Müharibədə sağlamlığını itirən şəxslərin müalicəsi, onların reabilitasiyası üçün ardıcıl işlər görülür. Bakıda, o cümlədən regionlarda əlillərin bərpa mərkəzləri yaradılıb. Zəruri ehtiyacı olan əlillərimiz xarici ölkələrdə müalicələrini davam etdirirlər. Bir çox hallarda dünyanın inkişaf etmiş ölkələrindən dəvət olunan həkimlər tərəfindən müharibə əlillərinin müayinəsi təşkil olunur. Təbii ki, bütün bunlar təqdirəlayiqdir", - deyə deputat qeyd edib.
N.Məhəməliyev deyib ki, həm I Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsində iştirak edən hər bir Azərbaycan vətəndaşı dövlət başçısının qayğısı ilə əhatələnib: "Qazilərə xüsusi diqqət və qayğı göstərilir. Onların problemlərinin 99%-i dövlət tərəfindən qarşılanır. Düzdür, bəzi narazılıqlar da var. Ayrı-ayrı məmurların qəbuluna düşməyin mümkün olmaması, qazilərin problemlərinin dinlənilməməsi barədə tək-tük də olsa, narazılıqlar var, lakin bu, kütləvi xarakterli deyil. Bu, bəzi məmurların öz işlərinə kifayət qədər məsuliyyətlə yanaşmamalarının nəticəsidir. Ancaq fakt odur ki, Azərbaycan dövləti şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin yanındadır. Prezident özü də bunu hər zaman deyib və məmurlara da çox ciddi tapşırıqlar verib. Bilirisiniz, dünyada bir çox yerlərdə müharibələr gedir, minlərlə, yüz minlərlə insan həlak olur. Ancaq Azərbaycan yeganə ölkədir ki, şəhid ailələrini, qaziləri, əlilləri mənzillərlə təmin edir. Bu praktika ancaq Azərbaycandadır, başqa heç bir yerdə yoxdur. Bu, artıq öz-özlüyündə bu kateqoriyadan olan insanlara göstərilən yüksək münasibətin göstəricisidir və dövlətin bu sahədə siyasəti hər zaman alqışlanır".