Humanizm və nəcib əməllər mücəssəməsi

Azərbaycanın dünyaya daha yaxından tanıdılması, milli-mədəni dəyərlərimizin qorunması və təbliği, səhiyyənin və təhsilin inkişafına dəstək, ehtiyacı olanlara kömək, xeyriyyəçilik, insanlara təmənnasız yaxşılıq… Birinci vitse-prezident Mehriban Əliyevanın siyasi və ictimai fəaliyyətindən bəhs edərkən ilk yada düşənlər məhz bunlardır. Mehriban Əliyeva ölkəmizdə, eləcə də dünyada bu cür yüksək və həm də milli dəyərlərimizin daşıyıcısı olan şəxsiyyət və dövlət xadimi kimi tanınır.
Respublikamızın Birinci vitse-prezidenti olmaqla yanaşı, Heydər Əliyev Fonduna, Azərbaycan Mədəniyyətinin Dostları Fonduna, Gimnastika Federasiyasına rəhbərlik edən Mehriban Əliyevanın fəaliyyəti çoxşaxəlidir. Bu fəaliyyət bütünlüklə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın etibarlı gələcəyinə yönəlmiş ideallarının reallaşmasına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xəttin, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə dövlət siyasətinin dəstəklənməsinə və uğur qazanmasına xidmət edir. Xüsusilə qeyd etməliyik ki, 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu xeyriyyəçiliyin ən gözəl nümunələrini yaradır, təhsil və səhiyyə sahələrində tariximizdə görünməmiş layihələri reallaşdırır, respublikamızın dünyada ən dolğun təbliğatını aparır.
Mehriban Əliyevanın daşıdığı bütün siyasi və ictimai vəzifələrdə hər zaman üstünlük verdiyi xeyirxahlıq, mərhəmət, maarifçilik kimi nəcib dəyərlər, dünyada sülhə, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələr beynəlxalq aləmdə ona böyük nüfuz və ehtiram qazandırıb. Təsadüfi deyil ki, UNESCO və ICESCO-nun xoşməramlı səfiri kimi o, Şərq və Qərb aləminin bu iki yüksək statusunu eyni vaxtda daşıyan ilk və yeganə şəxsiyyətdir. 
Mehriban Əliyeva Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan, sıralarında 760 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini kimi də mühüm siyasi proseslərin aktiv iştirakçısıdır. Onun partiyanın ali rəhbərliyində təmsilçiliyi YAP-ın gücünü daha da artırıb, cəmiyyətin ictimai-siyasi həyatında qadın fəallığı ənənələrinin inkişafına stimul yaradıb. 
2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən Mehriban Əliyevanın deputatlıq fəaliyyəti də parlament tariximizin şərəfli bir səhifəsidir. Seçicilərə diqqət və qayğısı, təmsil etdiyi ərazilərin sosial problemlərinin həlli yönündə gördüyü misilsiz işlərlə əsl millət vəkilliyinin nümunəsini yaradan Mehriban Əliyeva Milli Məclisin müzakirəsinə təqdim etdiyi layihələrlə  qanunvericiliyimizin təkmilləşməsinə böyük töhfələr verib. Cəmiyyət üçün ciddi təhlükə törətməyən minlərlə insanın onun təşəbbüskarı olduğu amnistiya aktı əsasında azadlığa çıxması Mehriban Əliyevanın deputatlıq fəaliyyətinin xoş məqamı kimi hər zaman böyük rəğbətlə xatırlanır.  
Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyevanın 2017-ci ilin fevral ayında Birinci vitse-prezident təyin edilməsində onun məhz çoxşaxəli fəaliyyəti, ölkəmizin siyasi-ictimai, mədəni-humanitar və sosial həyatındakı müstəsna xidmətləri mühüm rol oynadı. Mehriban Əliyevanın ölkəmizin tərəqqisi istiqamətində göstərdiyi fəaliyyətin müstəsnalığını Prezident İlham Əliyevin fikirləri də təsdiqləyir: "Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm və fəal rol oynayır... Çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır. Bütün bu sadaladığım amilləri nəzərə alaraq, mən bu qərara gəldim. Bu gün Mehriban Əliyevanın həyatında yeni bir dövr başlayır və əminəm ki, ölkəmizin inkişafında bundan sonra da öz dəyərli töhfəsini verəcək".
Birinci vitse-prezident kimi Mehriban Əliyevanın fəaliyyəti  xüsusən sosial sahədə rəğbət doğuran addımlarla və uğurlu nəticələrlə əlamətdardır.  Birinci vitse-prezident kimi Mehriban Əliyeva diqqətini ilk növbədə qayğıya ehtiyacı olan əhali qruplarının sosial problemlərinin həllinə yönəldir. Bakıda və Sumqayıtda məskunlaşmış xeyli sayda məcburi köçkün ailəsi məhz Mehriban Əliyevanın dəstəyi ilə yeni mənzillərlə təmin olundular. 
Bütövlükdə ötən 5 il ərzində Mehriban Əliyeva həssas əhali qruplarının yanında oldu. Azərbaycan ictimaiyyəti koronavirusla mübarizə tədbirlərinin önündə ilk gündən Prezident İlham Əliyevlə yanaşı, Mehriban Əliyevanı gördü. Bu tarixi sınaq bir daha göstərdi ki, Birinci vitse-prezident Mehriban Əliyevanın məramı dövlətə və xalqa layiqli xidmətdir. 
Tariximizin şərəfli səhifəsi olan 44 günlük Vətən müharibəsində isə Mehriban Əliyevanın döyüşlərdə yaralanmış qəhrəman əsgər və zabitlərimizin müalicəsini birbaşa nəzarətinə götürməsi xalqımızın dərin rəğbəti ilə qarşılandı. Bu hadisə bir daha Mehriban Əliyevanın vətən və insan sevgisinin tərənümü oldu. Eyni zamanda 44 günlük Vətən müharibəsi dövründə Mehriban Əliyevanın müraciətləri, instaqram səhifəsindəki paylaşımları xalqımızın bir amal uğrunda səfərbər olmasına xidmət etdi. 
Zəfərdən sonra azad edilmiş ərazilərimizdə başlamış genişmiqyaslı quruculuq işləri sürətlə davam edir. Bütün bu məsələlərdə cənab Prezidentin ən böyük silahdaşı Mehriban Əliyevadır. Təsadüfi deyil ki, hazırda Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında yaxından iştirak edir, tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirir.
Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli və hər cəhəti ilə dövlətimizə və vətəndaşlırımıza xidmət edən fəaliyyəti nəticə etibarilə Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasında, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsində böyük rol oynayır.  Bu şərəfli missiyada Mehriban Əliyevaya yeni nailiyyətlər arzu edirik. 

 

Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı