Azərbaycan Respublikasının təhlükəsizlik mühiti onun suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunmasına təsir edən amillərin məcmusudur.
Bu mənada erməni təcavüzünə cavab olaraq əks həmlə ilə həyata keçirilən uğurlu cəza təbirləri Azərbaycan Respublikasının və bütövlükdə regionun təhlükəsizlik mühiti üçün töhfədir. Amma sirr deyil ki, bu situasiya 30 il regionda gərgin mühitdən faydalanan, sülh və sabitliyi arzu etməyən bəzi xarici dairələrin üçün fiasko deməkdir və son 3 gündə onların müxtəlif səviyyələrdə yenidən intensiv formada hərəkətə keçməsi Azərbaycan üçün sürpriz olmadı. Sadəcə həmin güclərin təlimatı ilə yerli antimilli uzantıların bu prosesdə xüsusi aktivlik göstərməsi təəssüf və ikrah doğurmaqdadır.
Azərbaycan Respublikasının Konstitusiyasının 74-cü maddəsinə əsasən, Vətənə sədaqət müqəddəsdir. Amma hazırkı gərgin, həmrəyliyin qorunmasının ümummilli tələbə çevrildiyi, vətəndaş cəmiyyətinin ölkə daxilində fəaliyyətlərinin və səylərinin uzlaşdırılmasının zəruri olduğu bir dönəmdə AXC-Müsavat hakimiyyətinin şinelindən çıxmış antimilli ünsürlərin sədaqət yox təslimçi xəyanət ritorikası seçməsi növbəti dəfə Azərbaycan Respublikasına qarşı açıq düşmənçilik fəaliyyətinə başlaması milli təhlükəsizlik konsepsiyamıza meydan oxumaq deməkdir.
Əli Kərimli açıq şəkildə çağırış edir ki, “Azərbaycan Paşinyanla birbaşa danışıqlara girib, sərhəddəki döyüşü təcili dayandırmalıdır.” Döyüş ruhunun yüksəldilməsinin xüsusi ilə vacib olduğu bir periodda, cəbhədə bütün istiqamətlərdə aşkar üstünlüyə sahib olduğumuz bir dönəmdə Kərimlinin Azərbaycanı “aciz” və “Ermənistana möhtac durumda” təqdim etməsi heç şübhəsiz ki Azərbaycan Respublikasının müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən ruh düşkünlüyü yaratmaq niyyətinin ifadəsidir.
Milli təhlükəsizlik konsepsiyasına əsasən, dövlətin ərazi bütövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi, o cümlədən, Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin olunması sisteminə qarşı hərbi təhdidlərin vaxtında aşkarlanması və qiymətləndirilməsi imperativ vəzifədir. Azərbaycan Ordusunun BMT Nizamnaməsinin 51-ci maddəsinin tələblərinə müvafiq olaraq, özünümüdafiə hüququ çərçivəsində öz vəzifəsini yerinə yetirməsi bu insanda niyə qıcıq yaradır? Vətəndaşlar, xüsusən onun təsiri altına düşənlər, bu sualı özlərinə versinlər.
Əli Kərimli tələb edir ki, “savaşda peşəkarlar iştirak etməlidir”. Sual qoyuram, Əli Kərimli sən nə haqla canını qurban verən hərbçilərimizi, şəhilərimizi qeyri-peşəkar hesab edirsən? Pis dilini pis əlini çək hərbiçilərdən!
Təsəvvür edin, Kərimli cənab İlham Əliyevdən izahat tələb edir.
Komsomol, Konstitusiyanın 4-cü maddəsinə əsasən, xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Siyasi mövcudiyyəti adi bir “wifi” modem aparatından asılı olan adam kimi bu adam hansı statusla xalqın adından danışır?
İzahat verəcək adam varsa elə bu gərgin dönəmdə milli həmrəyliyi hədəfə almaqla, daxili siyasi vəziyyəti gərginləşdirməyə və sabitliyin pozulmasına yönəldilmiş fəaliyyətlə Azərbaycan Respublikasının Hərbi doktrinasına daban-dabana zidd siyasi təxribatlara görə məhz sən izahat verməlisən!
Hüquq mühafizə orqanları bunu görməli və araşdırmalıdır.
Daha təhlükəli bir məqam, Kərimli və Müsavatın de-yure başqanı Arif Hacılı, özünü ADR adlanan partiyanın sədri kimi təqdim edən Qubad İbadoğlu eləcə də bu camenin trolları hərbçilərimizin sərhədboyu cəza tədbirlərini davam etdiyi bir məqamda açıq antirus çağırışları etməklə, Azərbaycana qarşı Şimaldan cəbhə açılması üçün bütün güclərini səfərbər ediblər. Maraqlıdır ki, süni formada Bakı-Moskva qarşıdurması formulunu ehtiva edən eyni ritorikanı biz Ermənistan tərəfdə də görməkdəyik. Bu təsadüf ola bilərmi? Yaxud mövcud hərbi əməliyyatların gedişatında Rusiyanı qarşıdurma tərəfinə çevirmək həm Ermənistana, həm də Azərbaycandakı antimilli dairələrə eyni mənbənin sifarişinə bənzəmirmi?
Hərbi əməliyyatlar fonunda Qubad İbadoğlu da iddia etməyə başlayıb ki, “diplomatiyamız düzgün kursda deyil". Görəsən İbadoğlu, biz deyəndə kimi nəzərdə tutur, yaxud ümumiyyətlə o özü bizdən sayırsızmı? Ümumiyyətlə bilən varmı ki, İbadoğlu Azərbaycan siyasətində kimdir? Bu adam hansı zəngin diplomatik təcrübəsinə əsaslanıb belə iddialarla camaatı çaşdırır?
Bu sıranı Göyüşovlarla, Qənimətlərlə, Sevinclərlə, daha kimlərlə davam etdirmək olar, kimin hansı niyyətə, kimin hansı dövlətə və kimin nə müqabilində işlədiyi bizə gün kimi aydındır. Xalqın da biləni bilir, bilməyəni də aydınlatmaq borcumuzdur.
Artıq 3 gündür ki, şəhidlər veririk, elə tək biz dünən təmsil etdiyim dairə üzrə iki dağ kimi oğlu torpağa tapşırdıq. Övlad itkisi misilsiz acıdır, amma bir nəfər də olsun valideyn görmədim ki, dövləti ittiham edə! Hamısı "vətən sağ olsun" - dedi. Hamısı "Allah dövlətimizi, vətənimizi, xalqımızı və müzəffər Komandanımızı qorusun" - dedi.
Bu mənada şəhid valideynlərinin fədakarlığına, əzminə rəğmən, bu ünsürlərin cəmiyyətin döyüş ruhunu qırmaq, bölgənin gələcəyini müəyyən edəcək sülhəməcburetmə əməliyyatlarını ucuz siyasi şouya çevirmək cəhdləri sıradan siyasi mübarizə kimi qiymələndirilməməli, daxili vəziyyətinin gərginləşdirilməsinə yönəldilmiş, eləcə də dövlət funksiyalarının yerinə yetirilməsinə qarşı fəaliyyət kimi Azərbaycan Respublikasının apardığı milli müdafiə siyasətinin əsas məqsədlərinə zidd cəhdlər kimi milli təhlükəsizliyə təhdid hesab edilərək hüquq müstəvisində araşdırılmalıdır.
Eyni zamanda bu antimilli ünsürlər bilsin ki, artıq “dovşana qaç, tazıya tut” deyən 5-ci kolon nümayəndələrinin dövrü bitib, eyni yerdən qidalandığınız saxta opponentlərinizdən fərqli olaraq bu gün Azərbaycan siyasi səhnəsində İlham Əliyev adına, onun uğrunda düşünmədən canını verəcək kifayət qədər insan var və məsləhətdir ki, addımlarınızı buna görə müəyyən edəsiniz.
Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı