"İdman sahəsində ölkəmizin mövqeyi ildən-ilə möhkəmlənir"

Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmanda da ciddi uğurlar əldə olunmaqdadır. Beynəlxalq standartlara uyğun idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslərinin inşası bütün regionlarda uşaq və gənclərə bərabər şəraitlərin yaradılması istiqamətində atılmış mühüm addımdır. Ölkə rəhbərliyi tərəfindən idmanın kütləviliyinin təminində böyük uğurlar mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu nüfuzlu beynəlxalq yarışlarda parlaq qələbələr qazanmağımıza səbəb olub. Ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi dövlətimizin daim diqqət mərkəzində olub.
Bu gün Azərbaycanda idman hərəkatı öz inkişaf dövrünü yaşayır. Dövlətin idmana olan qayğısı baxımından Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır.
Son illərdə olduğu kimi yola saldığımız 2022-ci il də idman sahəsində böyük uğurlarla yadda qaldı. Yanvarın 9-da keçirilən 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev çıxışında hər il olduğu kimi, keçən ilin də Azərbaycan idmanı üçün uğurlu il olduğunu bildirdi. «Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar», - deyən Prezident haqlı olaraq qeyd edib ki, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edilib: «İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir».

Azərbaycanda keçirilən yerli və beynəlxalq yarışlar sübut edir ki, həqiqətən də, Azərbaycanda idman dinamik inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlara sahiblik etməsi dünya ictimaiyyətinin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb. Bütün bunların sayəsində idmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır.
Dövlət başçısının da qeyd etdiyi kimi, doğrudan da bu böyük nailiyyətdir: "Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil".
Respublikamızın artan iqtisadi, idman potensialı fonunda Azərbaycanda beynəlxalq miqyaslı tədbirlər, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatları, dünya kuboku və Qran-Pri yarışları keçirilmişdir. Belə ki, Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, eləcə də Avropa, dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etmiş Azərbaycanda belə yarışların keçirilməsi onu göstərir ki, ölkəmiz dünyanın qabaqcıl idman ölkərindən biridir.

Təkcə onu xatırlatmaq kifayətdir ki, 2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Birinci Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri, eləcə də, atletika yarışları, məhz bu stadionda təşkil olunub. Bakı Tennis Akademiyası da Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur. İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb. Bundan başqa 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa olunub. Stadionda tennislə yanaşı, voleybol, mini-futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçirmək mümkündür. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etdiklərini bildirən Cənab Prezident beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd edib: “Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq əlbəttə ki, böyük qələbədir, böyük nailiyyətimizdir».

Bu gün ölkəmizdə aparılan gənclər siyasəti onların ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə səbəb olub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində zəruri tədbirlər planı mövcuddur və onlar icra olunur. Nəsillər dəyişir, ancaq uğurlarımız artan templə davam etməkdədir. Təcrübəli idmançılarımız gənclərimizə örnək olur, onlara idmanın sirlərini öyrədirlər.
Cənab Prezident çıxışında görkəmli idmançılarımızın uğurlarının bütün gənc idmançılar üçün örnək olmağını diqqətə çatdırıb: “Çünki bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər. Beləliklə, gənclərdə, uşaqlarda idmanla məşğul olmaq, görkəmli idmançılara oxşamaq həvəsi daha da böyük olur. Əlbəttə ki, idmana dövlət dəstəyi - bunun da xüsusi əhəmiyyəti var. Biz bunu Azərbaycanın timsalında görmüşük ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, əlbəttə, nəticələr də olacaq».

Cənab Prezident çıxışında 2023-cü il üzrə idman planlarından da danışıb. Bildirib ki, ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik, - deyən Prezident bildirib ki, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır: «Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri, əlbəttə, əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin".
İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin vətənə, dövlətə olan bağlılığını artırıb. İşğaldan azad olunan torpaqlarımızda da idmanın inkişafına diqqət ayrılacaqdır. Bildiyimiz kimi, ötən il azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilib. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda beynəlxalq avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilib. «Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir» - bildirən Prezident qeyd edib ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur: «Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bildirməliyəm ki, Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər olaraq, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir. Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır. Əlbəttə, biz, ilk növbədə, keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq və bu istiqamətdə işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır. Ancaq idman obyektləri də əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq. Bütün bunları qeyd edərək bir daha demək istəyirəm ki, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir».

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı