İdmançılarımız növbəti Olimpiya Oyunlarında daha böyük uğurlar qazanacaq!

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra bütün sahələr üzrə yeni yanaşmalar həyata keçirildi, yeni qurumlar yaradılmağa başladı. Belə qurumlardan biri də Milli Olimpiya Komitəsi oldu. Bu Komitə ilk vaxtlar o qədər də yaddaqalan tarixi fəaliyyət göstərə bilmədi. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə sədr seçildikdən sonra Azərbaycan beynəlxalq miqyaslı yarışlarda uğurla çıxış etməyə başladı. Ötən əsrin sonlarından idmançılarımız Olimpiya Oyunlarında da uğurla çıxış edir.

Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılar ölkəmizin idman şərəfini layiqincə qorudular. Bu mötəbər yarışda iki qızıl, iki gümüş, üç bürünc medal qazanan komandamız dünyanın ən güclü 30 komandası sırasında oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etdi. Qəbulda çıxışında qeyd etdi ki, Azərbaycan həm də güclü idman dövlətidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanın müsəlman dövlətləri arasında üçüncü yeri tutmasının əhəmiyyətini xüsusi vurğulayaraq dedi: “Xüsusilə qızıl medalçılarımız Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər”.

İdmançılarımızın beş idman növündə medallar qazandığını, Azərbaycanda idmanın bir çox növlərinin inkişaf etdiyini xatırladan ölkə başçımız dedi ki, uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin məqsədi fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil formalaşdırmaq olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daha sonra qeyd etdi ki, idmançılarımızın uğurlu çıxışları bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.

XXXIII Paris Yay Olimpiya Oyunları da tarixləşdi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu Oyunlarda medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etməsi də. Bu qəbul, qəbulda ölkə başçısının çıxışı ictimaiyyətə bir əminlik yaşatdı: idmançılarımız növbəti Yay Olimpiya Oyunlarında daha böyük uğurlar qazanacaqlar!

Səbinə XASAYEVA,

VI çağırış Milli Məclisin deputatı