İkinci Qarabağ müharibəsinin parlaq səhifəsi

Ölkəmizin 44-günlük Vətən müharibəsinin gedişində əldə etdiyi parlaq qələbələr siyahısında Qubadlı rayonunun mənfur düşmənin işğalından azad olunması ən önəmli hadisələrdən biri kimi yaddaşlarda həkk olunmuşdur.

Xatırlatmaq lazımdır ki, 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Qubadlı rayonundan 29997 sakin məcburi köçkün vəziyyətinə düşmüşdür, 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və ya yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Ən acınacaqlı faktlardan biri də ondan ibarət olmuşdur ki, rəsmi İrəvan beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud formada pozaraq, Qubadlıda qanunsuz məskunlaşma aparıb, burada xaricdən gətirilən erməniləri yerləşdirmişdir. ATƏT-in 2005-ci il həyata keçirdiyi faktaraşdırıcı missiya müəyyən etmişdir ki, Qubadlıda 1500-dək şəxs qanunsuz olaraq məskunlaşmışdır və Ermənistan tərəfi bu zonada beynəlxalq hüquqa zidd olaraq bir sıra işlər aparmışdır. İşğal olunmuş Qubadlıda ermənilər tərəfindən məskunlaşmanın həyata keçirilməsi əhalinin demoqrafik tərkibinin dəyişdirilməsi, nizamlama prosesinin çətinləşməsi, işğaldan əvvəl mövcud olan status quo-nun bərpasının qarşısının alınmasına xidmət edirdi. Erməni tərəfinin belə davranışı müharibə cinayəti olması ilə yanaşı, eyni zamanda Ermənistanın beynəlxalq hüquqa etinasız münasibətinin göstəricisi olmuşdur.

Ümumiyyətlə ermənilər Qubadlıda güclü istehkamlar quraraq, bir sıra yüksəkliklərdə hərbi birləşmələrini yerləşdirmişdi və buradan müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ancaq mənfur düşmənin bütün səylərinə rəğmən, qəhrəman Azərbaycan Ordusu xüsusi peşəkarlıq və fədakarlıq nümayiş etdirərək, 25 oktyabr tarixində şəhəri düşməndən təmizlədi, uğurlu əməliyyat nəticəsində noyabrın 9-dək rayonun 41 kəndini də azad etdi və ölkəmizin böyük Zəfərini yaxınlaşdırdı.

Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüşlərdə şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü