Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci maddəsinə əsasən, Prezident xalqın vahidliyini təcəssüm etdirir və dövlətçiliyin varisliyini təmin edir. Sovet Azərbaycanında Heydər Əliyevdən sonra, müstəqil Azərbaycanda isə Heydər Əliyevə qədər heç bir rəhbər dövlətçiliyin varisliyini təmin edə, xalqın vahidliyinin təcəssümü ola bilməmişdi. Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilk növbədə Heydər Əliyevin qurduğu müasir Azərbaycanda dövlətçiliyin varisliyini təmin etdi.
Əslində, Prezident İlham Əliyev barədə 2003-cü ildən etibarən danışmaq insaflı yanaşma deyil. Bakıda sovet rəhbərliyi ilə nüfuz alveri edilərkən cənab İlham Əliyev Moskvada Ulu Öndərlə birlikdə 20 Yanvar hadisələrinə görə sovet rejiminə qarşı açıq etiraz edən iki nəfərdən biri idi. Azərbaycan Xalq Cəbhəsi hərəkatı Qorbaçov yenidənqurmasını dəstəkləyən bir qüvvə kimi rəsmi qeydiyyata alındığı dövrdə İlham Əliyev sovet miqyasında elə əslində cəbhəçilərin ideoloqu olan Qorbaçovun rejiminə təhdid hesab edildiyi üçün işdən çıxarılmışdı. Heydər Əliyev Bakıya qayıtdıqdan sonra məhz onun sayəsində hakimiyyət iyerarxiyasında yer tutmuş bir sıra şəxslər nankorluq edəndə, parlamentdə Ulu Öndərə qarşı çirkab kampaniyası aparılanda, ona danışmağa imkan verilməyəndə, Bakıda təhlükələrlə üz-üzə qalanda, o cümlədən fəaliyyətinin ağır Naxçıvan dövründə Heydər Əliyevin əsas silahdaşı yenə də İlham Əliyev idi. 1993-cü ildən etibarən isə Ümummilli Liderin neft strategiyası və Avropa hüquq məkanına inteqrasiya kursunun realizəsində ağırlıq məhz cənab İlham Əliyevin çiyinlərində oldu. Bu mənada 2003-cü iləqədərki dövlət quruculuğu prosesində Ulu Öndərlə bərabər, onun əsas silahdaşı kimi məhz cənab İlham Əliyevin adı xüsusi qeyd olunmalıdır.
Sonrakı dövrdə möhtərəm Prezidentin davam edən 20 illik fəaliyyəti son 200 ilin gündəliyindən daha zəngin, daha mürəkkəbdir, həm də tariximizin ən uğurlu dövrüdür. Onun şah əsəri isə böyük Zəfərimizdir. Ümumiyyətlə, bəllidir ki, Qarabağ düyünü Ulu Öndərin nisgili idi, hətta özünün 2003-cü il 1 oktyabr tarixli son müraciətində də ifadə edirdi ki, "xaos və anarxiya dövründə yaranmış bu problemi hələ də həll edə bilməmişik". Böyük Heydər Əliyevə qədərki idarəçilik normal təfəkkürə sahib olsaydı, onun dediyi kimi, "xalqı vahid sarsılmaz bir qüvvə kimi Azadlıq meydanına toplayan milli hisslərdən konstruktiv şəkildə istifadə olunsaydı, Qarabağ adlı problem də olmazdı". Amma o zaman Xalq Cəbhəsi təhlil və proqnozlar əsasında milli platforma yaratmaq əvəzinə populist meydan əhvali-ruhiyyəsinə üstünlük verirdi. Əslində isə, Ulu Öndər dediyi kimi, "Bu məsələyə Azərbaycan xalqı layiqincə cavab verməyə qadir idi" və cənab
İlham Əliyev də sübut etdi ki, Azərbaycan xalqı böyük qələbəyə həm qadirdir, həm də layiq! Sadəcə dövlət idarəçiliyi milli düşüncədə və doğru əldə olmalıdır.
Böyük hərbi-siyasi Zəfərə qədər Prezident İlham Əliyev güclü iqtisadiyyat qurub iqtisadi suverenliyimizi təmin etdi. Məcburi köçkün çadır şəhərciklərini ləğv edərək vətəndaşın layiqli rifahını, rəngli inqilablar simgəsi olan narıncı çadırlara meydan verməyərək müstəqilliyimizin davamlılığını təmin etdi, düşüncələri "palatka" təfəkküründən xilas edib 200 ildir məğlub kimi yaşayan xalqa qalib kimi düşünməyi öyrətdi. Bu Zəfərə qədər İlham Əliyev həm tariximizin, həm də regionun ən güclü ordusunu və ən nəhəng müdafiə sənayesini qurdu, çoxəsrlik dövlətçilik ənənəsinin əhəmiyyətini dərk edən vətənpərvər gənclik yetişdirdi. Cənab İlham Əliyev bütün dünyaya, xüsusən yanlış gözləntilərdə olan bəzi qlobal dairələrlə ideoloji savaşdan da zəfərlə çıxaraq sübut etdi ki, Heydər Əliyev kursunun davam etdiyi bir şəraitdə xalqımız torpaqlarının zəbt olunması ilə barışa bilməz və bu siyasi xətt illərlə davam etmiş işğalın Azərbaycan gəncliyinə Qarabağ və Şərqi Zəngəzuru unutdurmasına imkan verməz. Məhz bu qətiyyətli mövqeni rəhbər tutmaqla 200 ildir zəbt edilmiş təfəkkürləri, 30 ildir işğalda qalan Qarabağ və Şərqi Zəngəzuru azadlığına qovuşdurmaqla, ərazi bütövlüyü və suverenliyimizi tam bərpa etməklə İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan bir zirvəyə ucaldı. Zəfərdən cəmi 8 gün sonra özünün ən böyük silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə işğaldan azad olunmuş bölgələrə səfər edən cənab İlham Əliyev tariximizin ən irihəcmli quruculuq-bərpa prosesinə start verdi. Möhtərəm Prezidentin özünün də ifadə etdiyi kimi, bütün bu işlər Azərbaycanın öz gücü, öz imkanları hesabına həyata keçirilir. Reallıqları obyektiv qiymətləndirdikdə isə əminliklə deyə bilərik ki, məhz Prezidentimizin qətiyyəti hesabına bu gün Qarabağ və Şərqi Zəngəzura layiqli və təhlükəsiz formada həyat qayıdıb və proses uğurla davam edir.
Digər istiqamətdə, möhtərəm Prezidentin enerji siyasətini Heydər Əliyevin neft strategiyası üzərində inşa edərək yeni mərhələyə ucaltmasının məntiqi nəticəsi olaraq Azərbaycan nefti bəzi ölkələrdə olduğu kimi lənət yox, inkişaf etmək və dünyada təsirli güc kimi tanınmağımız üçün sözün əsl mənasında milli sərvətə çevrildi. Eyni zamanda strateji əhəmiyyətinə görə tarixboyu maraqların toqquşma nöqtəsi olan və faydasından çox zərərini gördüyümüz coğrafiyanı ilk dəfə məhz İlham Əliyev milli kapitala çevirdi və elə geosiyasi konfiqurasiya formalaşdırdı ki, nə qədər ki, Heydər Əliyev siyasi kursunun davamlılığı təmin olunacaq, coğrafiyamız bizim üçün dividend gətirməkdə davam edəcək.
Ümumiyyətlə, etiraf etməliyik ki, Azərbaycan nə ərazi ölçüsü, nə əhali sayına görə xüsusi göstəricilərə malik deyil, əksinə, kiçik ölkə sayılır. Lakin məhz cənab İlham Əliyevin vizyonu sayəsində danılmaz faktdır ki, Azərbaycan müasir geosiyasi situasiyada nəinki bölgəmiz, bütövlükdə qlobal mənada hərbi-siyasi güc mərkəzlərindən birinə çevrilib. Təbii ki, qlobal ziddiyyətlərin gücləndiyi bir şəraitdə rəqabətqabiliyyətli güclü dövlətə çevrilmək sadə məsələ deyil. Xüsusən də siyasi və iqtisadi transformasiyaların sürətlə davam etdiyi bir şəraitdə. Hazırda Azərbaycan Respublikası özünün ənənəvi enerji öhdəliklərinə sadiq qalmaqla neft hasilatından tədricən qaz istehsalına strateji keçidi təmin etmək üzrədir və bu, müasir mərhələdə Azərbaycanın enerji siyasətinin şaxələndirilməsində çox vacib addım hesab olunmalıdır. Məhz möhtərəm Prezidentin uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar, həmçinin onun iradəsi ilə reallaşan layihələr bu gün faktiki olaraq Azərbaycanı Avropa üçün alternativsiz və çox cazibədar enerji təchizatçısına çevirib. Xüsusən Rusiya-Ukrayna münaqişəsi fonunda, qütblərarası ziddiyyətlərin dərinləşdiyi bir zamanda Prezidentin vaxtında nə qədər uğurlu gedişlər etdiyini və çoxlarının süni əngəllər yaratmasına baxmayaraq, nə qədər strateji düşüncə sahibi olduğunu bir daha ortaya çıxarır. Bu gün faktiki olaraq ölkəmiz Avropanın, xüsusən Avropa İttifaqına üzv olan bir sıra dövlətlərin enerji təhlükəsizliyində tədricən həlledici rol almaqdadır, o cümlədən Azərbaycanın Balkanlarda və Şərqi Avropada artan rolu bu baxımdan Avropa İttifaqının ayrı-ayrı strukturlarının qeyri-adekvat və ədalətsiz yanaşmaları fonunda Bakının ciddi qələbəsi hesab olunmalıdır. Yalnız elə bu fakt bizə deməyə əsas verir ki, əhali sayı və ərazi ölçüsü baxımından böyük potensialımızın olmamasını məhz dövlət başçısının vizyonu tam şəkildə nəinki kompensasiya edir, üstəlik ərazi və əhali göstəriciləri bizdən qat-qat artıq olan dövlətlər qlobal nüfuz baxımından Azərbaycandan çox geri qalır.
Əlbəttə, Azərbaycanın uğurları, artan iqtisadi imkanları və bundan dolayı güclənən suverenliyi, müstəqil siyasət yürütməsi regionla bağlı qeyri-adekvat maraqları olan neoimperialist güclər tərəfindən müsbət qarşılana bilməzdi. Xüsusən Vətən müharibəsində Azərbaycanın Zəfəri, habelə antiterror tədbirlərində qazanılmış müstəsna qələbə, konstitusiya quruluşumuzun beynəlxalq hüquqla tanınan bütün ərazilərimiz boyu bərqərar olunması regionda qeyri-dost niyyətləri olan gücləri ölkəmizə qarşı səfərbər etdi. Bu prosesdə də ənənəvi destruktiv Qərb strukturları, muzdlu media və korrupsioner siyasətçilər beynəlxalq ictimaiyyət adından ölkəmiz əleyhinə müxtəlif bəhanələr, siyasi hücumlar təşkil etməyə, bəyanatlar verməyə başlayıblar. Özünü beynəlxalq ictimaiyyət adlandıraraq dünya birliyi adından çıxış edənlərə münasibətdə möhtərəm Prezidentin mövqeyi kifayət qədər aydındır: "200-dən çox ölkə var, 20-30 ölkə özünü necə beynəlxalq ictimaiyyət saya bilər?" Bu qətiyyətli mövqe nəticəsində ötən 3 illik dövrə baxsaq, İlham Əliyevin qərəzli hücumların hamısını neytrallaşdırmağa, hətta kifayət qədər önəmli qlobal oyunçuları geri addım atmağa məcbur etməyə nail olduğunu görərik. Möhtərəm Prezidentin sağlam siyasi gedişləri, beynəlxalq hüquqa və ədalətə arxalanması, ən vacibi hüququn gücü və gücün hüququ arasında balansı qorumaqla atdığı addımlar planetar müstəvidə Azərbaycana hörmət və ehtiramın bərqərar olunmasını təmin etdi.
Xüsusən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü və Qoşulmama Hərəkatının Sədri qismində Prezident İlham Əliyevin uğurlu fəaliyyəti, onun bəşəri miqyasda lider kimi mövqelərinin möhkəmlənməsi Azərbaycanın qələbələrinin sağlam təməllər üzrə inşasını təmin etdi. Dünya ictimaiyyəti gördü ki, həqiqətən, pandemiya ilə mübarizədə qlobal səylərə məhz cənab İlham Əliyev liderlik etdi, eyni zamanda postpandemiya yol xəritəsinin cızılmasında o, həlledici liderlik missiyasını üzərinə götürdü. Digər tərəfdən türk dünyasının birliyi istiqamətində açar rolunu üzərinə götürməklə cənab İlham Əliyev nəinki Azərbaycanın, bütövlükdə türk dünyasının qlobal miqyasda imkanlarını genişləndirmiş oldu.
Bütün bunların nəticəsidir ki, cəmi üç ay öncə, lokal xarakterli antiterror tədbirlərinin ardınca Azərbaycana qarşı səf tutmuş güclər, Azərbaycanın beynəlxalq hüququn normalarında əksini tapan prinsiplərlə uyğun, suveren haqlarını bərpa etməsi faktına qəbullandılar və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsinə dəstək verdilər. Beləliklə, dövlət başçısı sübut etdi ki, beynəlxalq ictimaiyyətin Azərbaycana real baxışının göstəricisi hansısa muzdlu təşkilatın, 3-5 korrupsioner deputatın, yaxud çürümüş neoimperialistlərin bəyanatları yox, 200-ə yaxın ölkənin yekdil rəyi ilə dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un evsahibliyini Azərbaycana həvalə etməsidir. Bu, cənab İlham Əliyevin də ifadə etdiyi kimi, bizə olan ehtiramın ifadəsidir və bu ehtirama möhtərəm Prezidentin qətiyyəti ilə nail olmuşuq.
Bu gün dönüb 20 il geriyə baxanda bir şeyə əmin oluruq, miqyası dövlətimizin miqyasından, gördüyü işlər isə real imkanlarımızdan artıq olan cənab İlham Əliyev bu dövlət və xalq üçün sözün əsl mənasında tarixi şansdır. Millət olaraq şansımız gətirib ki, İlham Əliyev Azərbaycanda doğulub, Azərbaycanda yaşayır və Azərbaycanı idarə edir.
Bəhruz MƏHƏRRƏMOV,
Milli Məclisin deputatı