İlham Əliyev Azərbaycana daha böyük zəfərlər qazandıracaq

Prezident İlham Əliyev Azərbaycan xalqının, dövlətinin həyatında artıq əlahiddə rol oynayıb, onun xalqı, dövləti qarşısında yerinə yetirmiş olduğu missiya Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazıb. 

Tarixən ölkəmizə qarşı düşmənçilik münasibətlərindən çıxış edən Ermənistan XX əsrin sonlarına doğru yaranmış şəraitdən, ölkədəki xaosdan yararlanıb torpaqlarımızın 20 faizə qədərini işğal etdi və 30 il ərzində torpaqlarımızı işğal altında saxladı. Həmin ərazilərdə bütün yaşayış məntəqələrini darmadağın etdi. Azərbaycan xalqının tarixinə, mədəni irsinə, maddi, təbii sərvətlərinə qarşı, sözün əsl mənasında, terror həyata keçirdi. Cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. Təbii ki, bu, cənab İlham Əliyevin Azərbaycan xalqı, dövləti qarşısında böyük xidmətlərini tam aydın ifadə edir. Azərbaycan güclü dövlət olmasaydı, güclü iqtisadiyyatı, ordusu olmasaydı, torpaqlarımız işğaldan azad edilə bilməzdi. 

İlham Əliyev Azərbaycana rəhbərliyə başladığı ilk gündən fəaliyyətinin mərkəzinə, özünün qeyd etdiyi kimi, Azərbaycan vətəndaşını, onun rifahını qoydu. Təbii ki, Azərbaycan vətəndaşının rifahı bütövlükdə Azərbaycan dövlətinin rifahının inikasıdır. Azərbaycan cəmiyyəti, dövləti güclüdürsə, iqtisadi cəhətdən inkişaf edibsə, deməli, bu cəmiyyətin üzvü də güclü olacaq, onun yüksək rifahı təmin olunacaq.  

Təbii ki, dövlətin gücü həm də onun beynəlxalq münasibətlər sistemində yerini müəyyən edir. Təsadüfi deyil ki, biz hər zaman vurğulayırıq ki, Prezident İlham Əliyev öncə mötəbər, beynəlxalq tribunalardan torpaqlarımızın siyasi işğaldan azadlığına nail oldu. Bildiyimiz kimi, Azərbaycana qarşı qərəzli mövqelər sərgilənirdi. Azərbaycan ərazilərinin anneksiyasının təmin olunması üçün bəlli dairələr çox çalışırdılar. ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsi ilə deyil, idarə olunması ilə məşğul olurdu ki, gələcəkdə o torpaqları Ermənistana birləşdirmək mümkün olsun. Bütün bunların hamısının qarşısı məhz İlham Əliyevin strateji baxışları sayəsində alındı.

Qələbəmizin siyasi elementlərini formalaşdırdıqdan sonra döyüş meydanında Azərbaycan xalqının iradəsini, ordumuzun qüdrətini göstərərək müharibənin üçüncü, dördüncü günü düşmən ordusunu əsaslı şəkildə darmadağın etdik. Dünyaya bir daha nümayiş etdirdik ki, əslində, 2020-ci ilə qədər torpaqlarımızı hərbi yolla azad etməməyimizin səbəbi məhz bizim humanizm prinsiplərinə, beynəlxalq hüquq normalarına, bəşəri dəyərlərə həssaslığımızla əlaqədar idi. 

Azərbaycan Prezidenti hər zaman qeyd edirdi ki, nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirməyəcəyik və bizim gücümüz torpaqlarımızı işğaldan azad etməyə imkan verir. O bildirirdi ki, səsləndirdiyi fikirlər heç də sadəcə fikirlərdən ibarət deyil. Onun arxasında real güc, iradə dayanıb.

2023-cü ildə isə növbəti tarixi hadisə baş verdi. İlham Əliyevin sayəsində 2023-cü ildə Azərbaycan xalqının, dövlətinin həyatında baş verənləri gələcəkdə daha dərindən araşdırmaq üçün ayrıca bir tədqiqat institutuna ehtiyac var. Prezident İlham Əliyev Azərbaycan xalqına, dövlətinə qalib xalq, qalib dövlət hisslərini yaşatmaqla çox mühüm tarixi missiyanı həyata keçirdi. 

Ayrıca olaraq qeyd etmək lazımdır ki, qarşıdan gələn növbədənkənar prezident seçkiləri Azərbaycan vətəndaşı üçün həm də bir imkandır. Yəni bu o imkandır ki, hər bir vətəndaş növbəti dəfə cənab İlham Əliyevə öz minnətdarlıq hissini ifadə edəcək, ona dərin etimadının və inamının olduğunu göstərəcək. Bu baxımdan hesab edirəm ki, 24 dekabr tarixini də xalqımız xüsusi ehtiramla qeyd edir. 

Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona sağlam, uzun ömür arzu edirik. Eyni zamanda bir daha inamımızı ifadə edirik ki, bundan sonrakı fəaliyyəti ilə də Azərbaycana böyük zəfərlər gətirəcək, daha yüksək zirvələrə çatdıracaq. Özünün də hər zaman vurğuladığı kimi, Azərbaycan vətəndaşının rifahının yüksəldilməsi istiqamətində bundan sonra da davamlı addımlar atacaq.

Elşad MİRBƏŞİROĞLU,

Milli Məclisin deputatı