Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib.
Sabahinfo.az-ın məlumatına görə, təbrik müraciətində deyilir:
"Hörmətli həmvətənlər!
Sizi – Azərbaycanın yəhudi icmasını yeni il bayramınız Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimad mühitinin hökm sürdüyü Azərbaycanda məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudi icması yüz illərdir ki, sülh və əmin-amanlıq şəraitində yaşayaraq özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini qoruyub saxlamış, tarixin heç bir dönəmində antisemitizm və ayrı-seçkiliklə üzləşməmişdir.
Əsrlər boyu ölkəmizdə mövcud olan multikultural dəyərlərin, dözümlülük prinsiplərinin və mədəni özünüifadə müxtəlifliyinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca istiqamətlərindəndir.
Təqdirəlayiq haldır ki, yəhudi əsilli həmvətənlərimiz cəmiyyətimizin ayrılmaz hissəsi olaraq, digər xalqların və etiqadların nümayəndələri ilə birlikdə respublikamızda gedən böyük quruculuq işlərində yaxından iştirak edir, müasir Azərbaycanın inkişafı və tərəqqisi naminə səylərini əsirgəmir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirirlər.
Əziz dostlar!
Roş ha-Şana yeniliyi, mənəvi saflığı, xeyirxahlıq və həmrəylik duyğularını təcəssüm etdirir. Qoy, bu nurlu bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin.
Bayramınız mübarək olsun!".