İlham Əliyev ölkənin ağsaqqal və ziyalılarını diqqətdə saxlayır

Martın 3-də Hacıqabul rayon İcra Hakimiyyətinin akt zalında rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Modern.az xəbər verir ki, konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və Rayon İcra hakimiyyətinin başçısı Rüstəm Xəlilov iştirak edib.

Konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov konfrans iştirakçılarını və qonaqları salamlayaraq ölkəmizin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqal və ziyalıların rolunun böyüklüyündən danışmış, bilik və təcrübələrini gənclərə öyrədən bu insanların canlı tariximiz olduğunu qeyd edərək onlara konfransın işində, gələcək fəaliyyətlərində uğurlar və cansağlığı arzulayıb.

Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək dövlətimizin bugünkü inkişafında ağsaqqal və ziyalılarımızın rolunu qeyd etmiş, onların gənclərimizin üçün örnək olduğunu, hərbi-vətənpərvərlik ruhunda  böyümələrinə böyük töhfə verdiklərini bildirib.

Akademik Əhliman Əmiraslanov həmçinin cənab Prezident İlham Əliyevin ölkənin ağsaqqal və ziyalılarını diqqətdə saxladığını, daim onlara qayğı göstərdiyindən danışmış, Onun Ulu Öndər Heydər Əliyevin qoyduğu bu ənənəyə böyük önəm verdiyini xüsusi vurğulayıb.

Çıxış edən rayon ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini bildiriblər.

Konfransda iştirak edən rayon ağsaqqalları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Konfransda Hacıqabul rayonu Ağsaqqallar Şurasınin rəhbərliyi yeni tərkiblə təsdiq olunub. Konfransda Rayon Ağsaqqallar Şurasının yeni sədri uzun müddət rayon icra hakimiyyəti başçısının 1-ci müavini və YAP rayon təşkilatının sədri vəzifələrində işləmiş, hal-hazırda təqaüdçü olan Aslanov Sahib Həbib oğlu, müavini isə İsgəndərov Eyyub Məzahim oğlu seçilib.