İlham Əliyevin Rusiya səfəri: Bakı və Moskva regionda yeni reallıqlar formalaşdırır

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.

Rusiya mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərinə və Rusiya Prezidenti Vladimir Putin ilə görüşünə geniş diqqət ayırıb. Rusiyanın tanınmış xəbər agentliklərində iki ölkə rəhbərinin görüşünün iki dövlət arasında münasibətlərin inkişafına təkan verəcəyi, Moskva və Bakının Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasındakı perspektivlər müzakirə edilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Səfər barədə Metbuat.az-a açıqlama verən Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya səfəri və Rusiya prezidenti Vladimir Putinlə aparılan müzakirələr bu regionda formalaşan yeni reallıqlarla bağlıdır:

“Hazırda Ermənistan- Azərbaycan münasibətlərində gözlənilən hadisələrə hazırlıqlar başlayıb. Bu, həm sülh sazişi, həm sərhədləri müəyyən etmə prosesi ilə bağlıdır.Rusiyanı daha çox maraqlandıran nəqliyyat dəhlizlərinin formalaşması ilə bağlıdır. Rəsmi Moskva bu münasibətlərdə rol almaq istəyir və bu təbii bir şeydir. Çünki sülh sazişi və sərhədini müəyyən etmə prosesində Ermənistan-Azərbaycan ikitərəfli format formalaşıb. Lakin nəqliyyatın açılmasında Rusiyanın tərəf kimi iştirakı mövcuddur, üçtərəfli komissiya var və bu, 11 yanvar 2021-ci il bəyanatı ilə də şərtləndirilib”.

Politoloq vurğulayıb ki, Rusiyanı Ermənistanda inkar etmək mümkün deyil. Bu fikrini əsaslandıran Fərhad Məmmədov qeyd edib ki, orada həm sərhədin qorunma funksiyası Rusiyaya aiddir, həm də Ermənistan dəmir yolları Rusiya şirkəti tərəfindən istismar edilir:

Bununla yanaşı təhlükəsizlik məsələləri də müzakirə edilməlidir. Çünki Qərb son müddət ərzində regionda geosiyasi addımlar həyata keçirib, geosiyasi xətlər cızmağa çalışır. Əlbəttə, regionun açar dövləti olan Azərbaycan və bu münasibətlərdə rol oynayan Rusiya Federasiyasının müzakirələri tam təbiidir”.

İki ölkə liderinin səfəri əlamətdar bir hadisəyə BAM- nın 50 illik yubileyinə də təsadüf edirdi. Bu barədə Metbuat.az-a açıqlamasında millət vəkili Cavanşir Feyziyev deyib. Millət vəkili bildirib ki, Avrasiyanın ən nəhəng layihələrindən biri olan BAM-ın tikilməsi və başa çatdırılması bilavasitə həmin dövrdə SSRİ Nazirlər Şurası sədrinin 1-ci müavini vəzifəsində çalışmış Heydər Əliyevin adı ilə bağlıdır:

“Bununla yanaşı, iki qonşu dövlətin rəhbərlərinin görüşü hər iki tərəf üçün maraqlı olan digər məsələlərin də müzakirəsi üçün yaxşı bir fürsətdir. Əminəm ki, Azərbaycan və Rusiya liderləri ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin mövcud durumunu müzakirə ediblər və əlaqələrin inkişaf perspektivlərini dəyərləndiriblər. Məlumdur ki, dövlət başçılarının görüşü ilə eyni zamanda, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı qüvvələrinin ərazidən çıxarılması prosesi başlanıb. Belə bir şəraitdə regional təhlükəsizlik kontekstində Rusiya-Azərbaycan və Rusiya-Ermənistan münasibətləri, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi kimi məsələlər mütləq müzakirə mövzusu olub”.

Millət vəkili onu da xatırladıb ki, Rusiya və Azərbaycan arasında 2022-ci ilin fevralında imzalanmış sənədə uyğun olaraq ölkələrimiz arasında müttəfiqlik əlaqələri hökm sürür. Lakin bu, heç bir üçüncü dövlətə və ya tərəfə qarşı deyil.

Cavanşir Feyziyev qeyd edib ki, Qazax rayonunun 90-cı illərdə işğal olunmuş 4 kəndinin danışıqlar yolu ilə geri qaytarılması isə Azərbaycan və Ermənistan arasında aparılmış birbaşa dialoqun nəticəsidir:

“Bu prosesdə Moskvanın bilavasitə iştirakı yoxdur. Əslində Moskva həm Bakını, həm də İrəvanı özünün müttəfiqi kimi görür və Cənubi Qafqaz ölkələri ilə münasibətlərini məhz bu əsasda tənzimləməyə çalışır. Bunun nə dərəcədə uğurlu olması isə hazırda regionda yaranmış yeni vəziyyətin Rusiya və Ermənistan tərəfindən adekvat dəyərləndirilməsindən asılı olacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə dərc olunub.