2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnarə Akimovanın Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Zeynalabdin qəsəbəsində yaşayan seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı rolundan danışıb. Bildirib ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilər xalqın YAP-a inamının növbəti ifadəsi olacaq.
Deputatlığa namizəd Elnarə Akimova YAP-ın seçki platforması barədə məlumat verib. O bildirib ki, bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyətli liderliyi ilə dinamik inkişaf yolunda irəliləyir: “Azərbaycan dünyada sabitlik və təhlükəsizlik adası kimi tanınır. Milli həmrəylik dövlətimizə böyük uğurlar qazandırır. Sosioloji tədqiqat mərkəzlərinin keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir”.
Təbliğat qrupunun üzvləri Elmar Xəlilov, Nasir Rzayev və Nəsrulla Məmmədov çıxış edərək YAP-ın ölkəmizə mühüm nailiyyətlər qazandırdığını bildirib, seçiciləri ən layiqli namizədə səs verməyə çağırıblar. “Xalqın inam və etimadı bir daha özünü doğruldacaq”, - deyə vurğulanıb.
Çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini vurğulayıblar.