İnformasiya savaşının qəhrəmanları – Azərbaycan jurnalistləri

Mətbuat hər bir millətin, xalqın milli mədəniyyətinin ayrılmaz hissəsidir. Milli şüurun oyanışı və milli düşüncənin formalaşmasında, dünya sivilizasiyasına inteqrasiya prosesində, millətin inkişaf və tərəqqisində mətbuat böyük gücə malikdir. Əbəs yerə mətbuatı “xalqın görən gözü”, “eşidən qulağı”, “danışan dili” adlandırmırlar. Doğrudur, bu gün mətbuat beynəlxalq standartlar, prinsiplər əsasında fəaliyyət göstərir, bəşəri dəyərlərə xdimət edir. Eyni zamanda ümummilli mədəniyyətin tərkib hissəsi olan mətbuat mənsub olduğu xalqın yaşam tərzini, dünyaya baxışını ortaya qoyur, milli maraqları müdafiə və təbliğ edir. Doğrudur, bəzi beynəlxalq təşkilatlar mətbiatın yalnız xəbərləmək, maarifləndirmək və əyləndirmək funksiyalarının olmasının vacibliyini vurğulayırlar. Amma etiraf edək ki, mətbuat hələ də mənsub olduğu ölkənin, xalqın təəssübünü qoruyur, onun mədəniyyətini, ideoloji baxışlarını müdafiə edir. Başqa sözlə ifadə etsək, zaman dəyişsə də, məqsəd eynidir. bu gün də cəmiyyətin ictima-siyasi şüurunun formalaşmasında, milli –mənəvi dəyərlərinin qorunmasında və təbliğində əhəmiyyətli rolunu saxlayır. 4-cü hakimiyyət funskiyasını bu gün uğurla icra etməkdədir. Bu gün mətbuatın coğrafiyası genişlənib, rəngarəngliyi artıb. İnformasiya yayımı funksiyasını təkcə qəzet, jurnal, televiziya və radiolar deyil, elektron media, sosial şəbəkələr də həyata keçirir.Azərbaycan mətbuatı hazırkı inkişaf səviyyəsinə çatmaq üçün çox böyük, şərəfli, keşməkeşli yol keçib, maneələr aşıb. Əldə etdiyimiz nailiyyətlərə görə, biz mətbuatımızın qurucularına borcluyuq.

Tarixə qısa ekskursiya

XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş Azərbaycanda və onun paytaxtı Bakıda maarifçilik hərəkatı geniş vüsət almışdı. Milli mətbuatın yaranması da məhz bu hərəkatdan doğan bir təşəbbüs, zərurət idi. 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk qaranquşu, bayraqdarı oldu. Cəmi iki il fəaliyyət göstərsə də, qəzet maarifçi ideyaların carçısı oldu, cəhalətə və xurafata qarşı kəskin mübarizə apardı, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfələr verdi. Qəzet dövrünün bir çox ziyalıları üçün əsl tribunaya çevrildi. Həsən bəy Zərdabi ilə yanaşı Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Məhəmmədtağı Əlizadə Şirvani, Mirzə Fətələi Axundzadə kimi ziyalılar öz məqalələri ilə xalqı maarifləndirirdilər. Onlar "Əkinçi" qəzetində maarifçi və demokratik ideyalar təbliğ edir, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərirdilər.

Açıq fikirli, saf əqidəli milli ziyalıları öz ətrafında birləşdirən qəzetdə elm, maarif, mədəniyyət, ədəbiyyat, incəsənət, təbiət elmləri ilə bağlı bir-birindən maraqlı yazılar dərc edilirdi. Xalqın mədəni tərəqqisinə çalışan, dini mövhumata, xurafata və cəhalətə qarşı mübarizə aparan mütəfəkkilərin bir araya gəldiyi redaksiya müasirliyi, milli məfkurəni təbliğ edir, obyektiv xəbərçilik prinsiplərini ortaya qoyurdu. "Əkinçi" Azərbaycandan kənarda da - Gürcüstan, Dağıstan və Orta Asiya respublikalarında da yayılırdı.

“Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər üçün mayak rolunu oynadı.

Azərbaycan ziyalılarının sonradan min bir əziyyətlə ərsəyə gətirdiyi "Ziya", "Kəşkül", "Kaspi", "Şərqi-rus", "Həyat", "Füyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik", “Molla Nəsrəddin” kimi qəzet və jurnallar "Əkinçi" irsini, ideyasını şərəflə davam etdirdilər.

Ötən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və mətbuat azadlığının, plüralizmin və digər demokratik dəyərlərin bərqərar olmasına etibarlı zəmin yaratdı. Heydər Əliyev mətbuat azadlığının təmin edilməsinə, milli jurnalistikanın formalaşmasına xüsusi diqqət yetirib, medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının güclənməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul edib. Ulu öndər dövlət - media münasibətlərində sağlam təməllərin əsasını qoymuşdur.

Mətbuata dövlət dəstəyi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən Ulu Öndər tərəfindən əsası qoyulan mətbuata dəstək siyasətini bu gün də uğurla davam etdirir.

Mətbuat Şurasının və Media Agentliyinin (Əvvəlki adı KİVDF) yaradılması, jurnalistlərin mənzillə təmin edilməsi, mətbu orqanlara birdəfəlik yardımların ayrılması bunun təsdiqidir. Həmçinin media resurslarına vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər addımlar mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsinə xidmət edir.

Dövlətin dəstəyi sayəsində Azərbaycan jurnalistikası milli maraqları qorumaqla yanaşı, söz, fikir azadlığı və plüralizm ideyalarını təbliğ edir.

Prezident İlham Əliyev milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında imzaladığı Sərəncam da məhz dövlətin mətbuata göstərdiyi diqqətin bariz nümunəsidir. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin edəcək. Nazirlər Kabineti isə yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll edəcək. Bu sərəncan ölkə Prezidentinin milli jurnalistikamızın tarixinə verdiyi yüksək dəyər, bu gününə isə böyük dəstəyidir.

Sərəncamda 44 günlük Vətən Müharibəsi dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyduğu, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərdiyi qeyd olunur. Birinci Qarabağ müharibəsində həm jurnalist kimi, həm də bir vətəmdaş olaraq iştirak edən media nümayəndələrimizin vətənpərvərlik ənənəsi İkinci Qarabağ müharibəsində də davam etdirildi. Vətən müharibəsində döyüşlərdə iştirak etmiş jurnalistlərimizin də tarixi Zəfərimizə qatqıları oldu. Həmin dövrdə həqiqi hərbi xidmətdə olan jurnalist, ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov oktyabrın 5-də şəhid oldu. 6 iyun 2021-ci ildə isə Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirən AZƏRTAC-ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov və AZTV-nin operatoru 1989-cu il təvəllüdlü Sirac Abışovu itirdik. 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan mətbuatının qarşısında yeni vəzifələr dayandı. Zəfərimizdə regionda yaratmış olduğumuz reallıqların dünya ictimaiyyətinə çatdırılmasında və qəbul etdirilməsində medianın rolu böyükdür.

Yeni dünya düzənin formalaşdığı bir dövrdə medianın bəşəri dəyərləri təbliğ etməklə yanaşı, milli maraqları müdafiəsinə də xüsusi diqqət yetirmək missiyasını daşıyır. Müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olan mətbuatımızın beynəlxalq əlaqələri genişləndir, qlobal informasiya məkanına təsir imkanları güclənir. Bu gün Azərbaycan mediasının qarşısında da yeni vəzifələr müəyyənləşib. Qabaqcıl texnologiyalardan istifadə bacarığı, sosial media platformalarında fəallığın artırılması, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə qarşıdakı dövrdə mediamızın əsas vəzifələri olacaqdır. Azərbaycan mətbuatı informasiya savaşında öz ayıq-sayıqlığını heç zaman itirməməlidir. İdeoloji müharibədə ön cəbhədə 24 saat xidmət edən mətbuat həm edilən hücumları zərərsizləşdirir, ölkənin informasiya məkanını qoruyur, həm də düşmənə cavab verir. Yeri gələndə hücum edib düşməni özündən asılı vəziyyətə salır, onun ictimai şüurunu, düşüncəsini idarə edir. Jurnalistlərimiz informasiya savaşında heç zaman atəşkəsin olmadığını yaxşı anlayırlar. Bu mübarizədə bizim arxamızda xalq, dövlət və onun lideri dayanıb.

Atılan addımlar, görülən işlər təsdiq edir ki, Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilən "Jurnalistlərin dostu" mükafatı media nümayəndələrinin mütləq əksəriyyətinin mövqeyini ifadə edir.

Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı mətbuatımız üçün qiymətli yol xəritəsidir. Sərəncam jurnalistikamızın tarixi ənənələrini davam etdirməklə gələcəyə baxış bucağımızı müəyyənləşdirən çox ciddi sənəddir. İnanırıq ki, bu il Azərbaycan mətbuatı ilə bağlı yaddaqalan tədbirlər keçiriləcək, mühüm qərarlar qəbul ediləcəkdir.

Azərbaycan dövləti hazırda mediaya dəstəyini davam etdirir. Vaxtaşırı olaraq çap mediası və elektron mətbuat üçün maliyyə vəsaiti ayrılır, jurnalistlərin sərbəst fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılıb. Belə bir şəraitdə biz jurnalistlər üzərimizə düşən yükün, vəzifənin məsuliyyətini aydın dərk etməli, milli maraqlarımızı qorumalı və təbliğ etməliyik.

Ədil Ədilzadə

Yazı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə və Azərbaycan milli mətbuatının yaradılmasının 150 illik yubileyinə həsr olunmuş “Mədəniyyət sahəsində jurnalistika” mövzusunda elan edilən müsabiqəyə təqdim edilir.