İnkişafın “Biz birlikdə güclüyük!” devizi

Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası (YAP) daim öz fəaliyyətini yeni siyasi reallıqlara, qlobal, regional və yerli şəraitə uyğun qurur. Yarandığı gündən milli mənafeyi, dövlətçilik maraqlarını hər şeydən üstün tutan hakim partiya yeni dönəmdə xarici əlaqələrini daha da gücləndirir. YAP-ın beynəlxalq əlaqələrində Avropa və Asiyanın aparıcı siyasi partiyaları ilə əməkdaşlıq mühüm yer tutur. Sıx əməkdaşlığın davam etdirilməsi, səmərəli müzakirələrin aparılması partiyanın əlaqələrinin inkişafına mühüm töhfə verir.
Bu il hakim partiyanın yaradılmasının 30-cu ildönümü tamam olur. Bu müddət ərzində YAP böyük uğurlara imza atıb. Fəaliyyətini partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğunlaşdıran siyasi qurum 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra genişmiqyaslı islahatlara imza atdı. Partiya Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası istiqamətində aparılan ideoloji mübarizənin daim önündə gedib, milli maraqların ifadəçisi olaraq yorulmadan mübarizə aparır. 44 günlük Vətən Müharibəsinin gedişi və sonrakı dövrdə Azərbaycanın haqq savaşının ideoloji əsaslarının ölkə və beynəlxalq ictimaiyyətlərə çatdırılmasında partiya yetkililərinin böyük xidmətləri olmuşdur.
2018 və 2021-ci il tarixlərində Yeni Azərbaycan Partiyasının keçirilmiş VI və VII qurultaları ölkənin siyasi həyatına böyük hadisə kimi düşdü. VI qurultaydan sonra ölkədə parlament və prezident seçkiləri keçirildi, yeni siyasi mənzərə yarandı.
Azərbaycan Prezidenti İlham Əliyev sonuncu qurultayda etdiyi çıxış zamanı ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, qarşıda duran vəzifələri diqqətə çatdırıb: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.
Ölkə Prezidentinin dediyi kimi, müharibədən əvvəl artıq ölkəmizdə yeni, müsbət bir siyasi iqlim yaranmışdı. Bu vəziyyət isə əlbəttə ki, hərbi əməliyyatların aparıldığı dövrdə ölkədə sabitlik və siyasi həmrəyliyin təmin olunması baxımından son dərəcə mühüm amil kimi çıxış etdi.
VII qurultayda qəbul edilən qərarlar və daha sonra görülən işlər milli maraqlara və müasir çağırışlara adekvat müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməsinə imkan verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin olunması YAP-ın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və dövlətimizin daha da güclənməsinə xidmət edən mühüm amil oldu. Həmçinin YAP Mərkəzi Aparatına rəhbərlik edəcək partiya Sədrinin müavininin müəyyənləşməsi və bu vəzifəyə Tahir Budaqovun təyin edilməsi idarəetmənin təkmilləşdirilməsi üçün vacib addım oldu.

“Biz birlikdə güclüyük!”

İdarə Heyətinə 3 ay ərzində partiyanın yeni proqramının hazırlanması və təqdim edilməsi tapşırığı verildi. Bu tapşırığa uyğun olaraq Yeni Azərbaycan Partiyasının “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlandı və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edildi. Yeni proqran bütün sahələrdə yenilikləri, qarşıdakı dövrdə görüləcək işləri və hədəfləri ehtiva edir. İstər 30 illik yolun təhlili, istərsə də partiyann həyatında əhəmiyyətli rol oynayan qərarların qəbul olunduğu qurultaylar özlərində əks etdirdikləri dövrün reallıqlarına uyğun addımların atılmasını bir tələb kimi qarşıya qoyur. Yeni Azərbaycan Partiyasının 1999-cu ildə keçirilən I qurultayında ulu öndər Heydər Əliyev partiyanın yaranmasından ötən 7 ilin təhlilini verərək qeyd etmişdir ki, bu illər ərzində YAP addım-addım irəliləyib, inkişaf edib, genişlənib və böyük bir partiyaya çevrilib.
Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, partiya ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi bundan sonra da ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Yeni Nizamnamənin təsdiq olunması fəaliyyətin müasir dövrün tələblərinə və çağırışlarına uyğun qurulmasına şərait yaradıb.
Yeni Azərbaycan Partiyasının VII qurultayı, eyni zamanda, YAP-ın siyasi dialoq prosesində, milli birliyin gücləndirilməsində fəal rolunun artmasını şərtləndirib. Qurultayda 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi.
Ötən müddət ərzində hakim partiya müxalifətdə olan siyasi partiyalarla taleyüklü məsələlərdə yaxından əməkdaşlıq etdi. Ölkədə siyasi dialoq mühitinin formalaşmasında hakim partiyanın müstəsna xidmətləri var. Televiziya kanallarında, digər mətbu qurumlarda YAP yetkililərinin müxalifət nümayəndələrilə dialoqları, debatları ölkədə siyasi mədəniyyətinin formalaşdığını nümayiş etdirməklə yanaşı, sağlam mübarizə mühitinin yarandığını söyləməyə imkan verir. Əgər biz əvvəlki illərdə partiyalar atrasında ciddi siyasi gərginliklərin, barışmaz münasibətlərin olduğunu müşahidə edirdiksə, son illər bu kimi hallar, demək olar ki, aradan qalxıb. YAP daim dövlətimizin daha da qüdrətlənməsinə, xalqın yüksək rifah şəraitində yaşamasına səy göstərir. Partiya bunu irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə təsdiqləyir. Yeniləşmə, təkmilləşmə YAP-ın fəaliyyətinin əsasını təşkil edir. Ötən il tarixi Zəfərimiz fonunda VII Qurultayını keçirən Yeni Azərbaycan Partiyasının qəbul etdiyi yeni qərarlar daha uğurlu gələcəkdən xəbər verir
Xarici əlaqələrdən söz düşmüşkən, YAP-ın Azərbaycanla dost, qardaş və müttəfiq dövlət olan Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə əlaqələrindəki inkişafı xüsusilə, qeyd etmək lazımdır. Ötən il - 2 iyun 2021-ci il tarixində iki hakim partiya arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması isə əlaqələrin yeni mərhələyə qədəm qoymasını şərtləndirib.
Həmin dövrdə Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti AKP-nin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirdi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edildi. İyul ayında isə AK Parti sədrinin birinci müavini Numan Kurtulmuşun başçılığı ilə geniş nümayəndə heyəti ölkəmizə səfər etdi. Nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olundu. Bütün bunlar Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni geostrateji reallıqların fonunda YAP-AK Parti əlaqələrinin də keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Gəncədə partiyalar arasında ikitərəfli Əməkdaşlıq Protokoluna uyğun olaraq “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzularında konfransların keçirilməsini xüsusi vurğulamaq lazımdır. 2021-ci ilin dekabrında İstanbulda “Daha yaxşı dünya naminə çağırışlar” mövzusunda keçirilən XII Boğaziçi Sammitində 49 ölkə nümayəndələrilə yanaşı, YAP-ın rəhbər şəxsləri də iştirak edirdilər.
Bütövlükdə, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, ölkəmizin tərəqqisinə yeni təkan verib.
Bu gün sıralarında 760 mindən çox insanı birləşdirən Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Əminliklə söyləmək olar ki, partiya özünün 30 illik yubileyinə böyük uğurlarla gedir.
Yeni Azərbaycan Partiyasının yeni proqramının beşinci- “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” fəslində qeyd olunduğu kimi, partiya zamanın bütün sınaqlarından uğurla çıxıb, xalqımızın və Vətənimizin mənafeyi naminə fəaliyyət göstərərək böyük siyasi qələbələr qazanıb. Partiya bundan sonra da özünün bütün potensialını müasir, zəngin və qüdrətli Azərbaycanın tərəqqisinə səfərbər edəcək. YAP-ın ümumxalq partiyası olması onu gələcəkdə də aparıcı siyasi qüvvə kimi gücləndirən meyardır. Yarandığı vaxtdan bugünədək qazandığı böyük nailiyyətlər bir daha sübut edir ki, YAP yeni üfüqlərə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyasının VII Qurultayı müharibədən zəfərlə çıxmış Azərbaycanın siyasi həyatında öz ilklərilə yadda qalmış oldu. 44 günlük Zərəf savaşı YAP ölkədəki nüfuzuna da müsbət təsir göstərdi. Bu gün hakim partiya yeni mərhələdə yeni hədəflərə doğru inamla irəliləyir.
Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyası “Güclü dövlət, yüksək rifah!” prinsipini fəaliyyətinin önündə saxlayır, daim Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi, həqiqətlərimizin təbliği istiqamətində səylərini artırır. Bu gün bütün Azərbaycan xalqı, o cümlədən YAP-ın sıralarında birləşən hər bir üzv qürurludur. Tarixi Zəfərimiz hər birimizi daha uğurlu gələcək naminə hədəflərin reallığa çevrilməsinə dəstək olmağa çağırır. YAP sözlə əməl birliyi sayəsində cəmiyyətin avanqard qüvvəsi kimi nüfuzunu gündən-günə artırır.

Ədil Ədilzadə

SABAHİNFO.AZ saytının direktoru


Məqalə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının

elan etdiyi yazı müsabiqəsinə təqdim olunur.