İnsan alverinə qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlanır

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası bu istiqamətdə müzakirələrə başlayıb

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının Qanunvericliyin təkmilləşdirilməsi üzrə işçi qrupunun iclası keçirilib. Koalisiyanın sədri Mehriban Zeynalova bildirib ki, insan alveri ilə mübarizədə yeni metodlar meydana çıxıb, risk qrupunun dairəsi genişlənib, xüsusən rəqəmsal texnologiyaların inkişafı, internet üzərindən qurbanların cəlb edilməsinin ən müxtəlif üsullarının tətbiqi yeni çağırışlar yaradıb. Bu çağırışlara adekvat cavab vermək, insan alveri qurbanlarının hüquqlarını daha səmərəli müdafiə etmək, qurbanların aşakarlanmasındakı çətinliklərin həlli üçün qanunvericiliyin təkmilləşdirilməsi daim diqqətdə saxlanılmalıdır. Bu məqsədlə  Koalisiyasının Qanunvericliyin təkmilləşdirilməsi üzrə işçi qrupu normativ-hüquqi  bazanı mövcud praktika və üzvlərin təcrübəsi, üzləşdiyi çətinliklər öyrənilməklə nəzərdən keçirməli, başqa ölkələrin təcrübəsini təhil etməli və təkliflər hazırlamalıdır.

İclasda Koalisiya sədrinin müavinini Şəmsəddin Əliyev, Ramil İskəndərli, Gülayə Quliyeva, Kəmalə Aşumova, Mahirə Əmirhüseynova, Südabə Məmmədova, Kübra Ələkbərova,  Ağamirzə Bağırov, Zenfira Mustafayeva, Zaur  İbrahimli öz fikirləri və təkliflərini səsləndiriblər. 

“İnsan alverinə qarşı mübarizə haqqında”  qanun, “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)” ilə əlaqədar praktikadan irəli gələn,  zəruri hesab edilən mümkün dəyişikliklər müzakirə edilib. Xüsusən insan alverinin qurbanı uşaqlarla  əlaqədar indikatorlara yenidən nəzər salınması, rəqəmsal cəlbetmə və istismarla əlaqədar  indikatorların işlənilməsi,  insan alverinin potensial qurbanlarının dairəsinin genişləndirilməsi, cəzaların sərtləşdirilməsi ətraflı müzakirə edilib.

M.Zeynalova bildirib ki, İşçi qrup müntəzəm işləyəcək və hazırlanmış təkliflər maraqlı tərəflər müzakirələrdən sonra Koalisiya adından müvafiq dövlət orqanına təqdim edilib müzakirə aparılacaq.