"İnternet mediada mənfi-müsbət interpretasiyalar” mövzusunda konfrans 

“Milli Jurnalistika Konqresi” – İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnternet jurnalistika” kitabını çap etdirib.

İnformasiya texnologiyalarının yüksək inkişaf tapdığı və dünyanın bir bütöv informasiya səhnəsinə çevrildiyi zamanımızda jurnalistika internet üzərindən yayımlanmaqla yeni dövrünü yaradıb. Yəni, internet jurnalistika informasiya kommunikasiya vasitəsinə çevrilib, bununla da yeni media formalaşıb. Bu şəraitdə internet jurnalistikanın əsaslarını dünya təcrübəsindən öyrənmək günümüzün ehtiyacıdır.

Bu tələbi qarşılayaraq “Milli Jurnalistika Konqresi” – İctimai Birliyi “İnternet jurnalistika” kitabını rus dilindən tərcümə edib və yerli media mühitinə uyğun şəkildə çap etdirib.

10 noyabr 2022-ci ildə BDU-nun jurnalistika fakültəsində “İnternet mediada mənfi-müsbət interpretasiyalar” mövzusunda konfrans keçirildi.

Tədbirdə fakültənin dekanı professor Vüqar Zifəroğlu çıxış etdi və bu kitabın internet texnologiyaları ilə ifadə edilən jurnalistikanın xüsusiyyətlərinin ölkə istifadəçilərinə əlçatanlığını təmin etməkdə çox ciddi yardımçı olduğunu söylədi.

Professor Cahangir Məmmədli bu mövzu üzrə kitabın ilk olduğunu, tamamılə dərs vəsaiti kimi istifadə olunacağını qeyd etdi.

Professor Qulu Məhərrəmli “İnternet jurnalistika” kitabının həm də dövlətimizin informasiya siyasətinin strateji yolunu daha dəqiq öyrənmək üçün çox gərəkli vəsait olduğunu dedi.

Natiqlər qlobal informasiya mühitinin formalaşması şəraitində şəbəkə jurnalistikasının – internetin xüsusiyyətləri, informasiya sahəsində yaranan yeni münasibətlər sisteminin spesifik cizgiləri, jurnalistikanın fəaliyyət sferasında yaranan yeniliklər, Azərbaycanda internet-jurnalistikasının problemləri, perspektivləri və s. məsələlərdən danışdılar.

Müzakirələrin nəticəsi olaraq təklif edildi ki, informasiya texnologiyalarının təkamülünü nəzərə alarıq bu kitab hər il yenilənib çaplanmalıdı.

Kitab jurnalistika sahəsində çalışanların hamısına gərəkdir. Ona görə də kitabın internet versiyasının yayımlanması gərəkliyi də təklif olundu. “Milli Jurnalistika Konqresi” – İctimai Birliyinin sədri, layihənin rəhbəri dosent Zaur Babayev yaxın vaxtlarda kitabın internet versiyasının da işlənəcəyini bəyan etdi..

Zaur Babayev

“Milli Jurnalistika Konqresi” – İctimai Birliyinin sədri

BDU-nun jurnalistika fakültəsinin dosenti