Məşhur Məmmədov,
Millət vəkili
Prezident İlham Əliyevin cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsi nəinki ölkə daxilində, ölkə hüdudlarından kənarda da müzakirə mövzusudur. Prezidentin səsləndirdiyi fikirlərdən hər kəs üzərinə düşən məsuliyyəti dərk etməli, deyilənlərdən nəticə çıxarmalıdır. Peşəkar diplomatiyası ilə seçilən ölkə başçısı bu dəfə də Ermənistana subliminal mesajlarla xəbərdarlıq etdi.
Cənab Prezidentin qeyd etdiyi kimi, suverenliyimiz bərpa olunib. Artıq Azərbaycan yeni başlanğıca qədəm qoyur. Xankəndində Azərbaycan bayrağı dalğalanır.
Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirildi, hərbçilərimiz böyük qəhrəmanlıq göstərdilər. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi. Özləri də bilirdi ki, təslim olmasaydılar məhv olacaqdılar. Xankəndində oturub Azərbaycanın səbrini sınayan, gülünc, separatçı bəyanatlar verən terrorçular, separatçılar qolu qandallı Bakıya gətirilib, istintaqları davam edir.
Rəsmi Bakı dəfələrlə bildirib ki, Qarabağın erməni əhalisi vahid Azərbaycan dövləti çərçivəsində rahat və təhlükəsiz yaşaya bilərlər.
3 ildir işğaldan azad edilən ərazilərimizdə tikinti, bərpa, quruculuq işləri davam edir.
Azərbaycan bütün əraziləri və yaşayış məntəqələri özü bərpa edir. Zabux kəndində ermənilər tərəfindən tikilmiş bütün evləri biz sökdük, yerlə-yeksan etdik və Zabuxda indi yerləşən Azərbaycan vətəndaşları bizim tərəfimizdən tikilmiş evlərdə yaşayırlar.
Media nümayəndələrinin suallarını cavablandıran ölkə rəhbəri beynəlxalq hüququn qorunması müstəvisində önəmli təşəbbüslərdən də söz açıb. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Fransanın dənizaşırı adlanan ərazilərinin nümayəndələrinin iştirakı ilə tədbirlər həyata keçirir. Onların hər cür təzyiqlərə məruz qalması bizə məlumdur. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq, biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik.
Fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlayacağı faktlar həddindən artıq çoxdur. Buraya Əlcəzairdə indi də istifadə olunmayan böyük əraziləri zəhərləyən nüvə sınaqları daxildir. Həmçinin mina terrorunu da əlavə etmək olar, fransızların Əlcəzairdə basdırdıqları minalardan insanlar indi də həlak olurlar. Bir milyon yarım əlcəzairlinin soyqırımı və digər faktlar da var. Müstəmləkə ölkələrində başqa cinayətlər də törədilib və bu, əlbəttə ki, neokolonializmin rüsvayçı təzahürüdür. Bu gün Fransa müstəmləkələrə sahib olmağı, onları idarə etməyi, sıxışdırmağı, viran qoyulmuş ölkələrin bu müstəmləkə zülmündən qurtulmasına imkan verməməyi adi bir hal kimi qəbul edir.
Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparır. Prezidentin qeyd etdiyi kimi, Makronun Praqadakı görüşdə iştirakına razılıq verdik və başqa səviyyələrdə də təmaslar oldu - həm Fransa xarici işlər nazirinin Azərbaycana səfəri, həm də bizim nümayəndələrin səfərləri. Yəni, münasibətlər davam edirdi, amma antiterror əməliyyatından sonra bu münasibətlər mahiyyətcə dayandırıldı.
Bu yaxınlarda Fransa Azərbaycana, onun mədəniyyətinə qarşı daha bir vəhşilik törətdi. Fransada Natəvanın heykəlinin təhqir edilməsi vandalizm aktıdır. Burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər. Çünki himayə etdikləri ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər.
Biz hər yerdə öz sözümüzü demişik və deyirik. Eyni zamanda post müharibə dövrünün reallığından irəli gələn yeni dövrün təməlini qoyuruq. Yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər.
Biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət bundan sonra da davam edəcək. Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq.
Parlamentdə iqtisadi-siyasət komitəsində təmsil olunan bir millət vəkili kimi, ölkə rəhbərinin qeyd etdiyi iqtisadi məsələlərə də toxunmaq istəyirəm. Bu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq.
İnvestisiya Proqramı bərpa işlərinin əsas alətidir. Beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə təsdiq olunacaq. Həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı bizim əsas alətimizdir.
Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bunlar nəhəng layihələrdir. Su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanaların inşaatı artıq başlamışdır, bəziləri artıq istifadəyə verilmişdir. İçməli su xətləri, elektrik enerjisi ilə bağlı layihələr və digər infrastruktur layihələr fasiləsiz icra olunur. İcra olunan infrastruktur layihələri imkan verir ki, bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq.
Özəl sektor Qarabağa və Şərqi Zəngəzura daha fəal investisiya qoymalıdır. Artıq Hadrut qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihə özəl sektor tərəfindən icra edilir.
Beynəlxalq Maliyyə Korporasiyası Xəzərdəki bizim potensialımızı 157 min meqavat həcmində təsdiqləyib. Ona görə indi enerji sahəsində bu istiqamət prioritetdir. Artıq keçən ilin oktyabr ayında birinci böyük Günəş Elektrik Stansiyası istismara verildi və qrafik üzrə biz yaxın üç-dörd ilə bərpaedilən enerji növlərinin həcmini təqribən 3-4 min meqavat səviyyəsinə çatdıracağıq. İndi imzalanmış kontraktlar və anlaşma memorandumları 10 min meqavat istehsalı nəzərdə tutur.
Tələbat var və artacaq, resurslarımız var, “Şahdəniz” qaz yatağı dünyanın ən böyük qaz-kondensat yatağıdır. 100 il bundan sonra da Azərbaycan tərəfdaşlar üçün önəmli tərəfdaş olacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırıb, bu təsadüfi deyil. Bizim Avropa məkanına göndərdiyimiz qazın həcmi çox da olmasa, təqribən 12 milyard kubmetrə yaxındır.
Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim edib.