“Bu gün müstəqil xarici siyasət yürüdən və tərəfdaşları ilə səmimi anlaşma siyasətinə üstünlük verən Azərbaycan dünyada və regionda öz mövqeyini ədalət prinsipləri əsasında bildirən, beynəlxalq hüququn pozulmasına qarşı mübarizədə fəal iştirak edən ölkə imicini qazanıb. Bu məsələyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə də dövlətimizin başçısı geniş nitqində də toxundu və Azərbaycanın dünyanın siyasi, iqtisadi, humanitar platformasında gördüyü işləri, ümumi fəaliyyətini analiz etdi. Eyni zamanda Prezidentimiz müşavirədə 6 ay ərzində əldə edilən uğurları sadaladı. Qeyd etdi ki, bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayesi 6,5 faiz qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır”.
Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Azərbaycanın builki dövlət büdcəsi rekord həddə - 33 milyard manatdan çox səviyyəyə qalxıb: “Bütün bunlar investisiya layihələrinin icra edilməsinə, işğaldan azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verəcək. Həm də Azərbaycanın hərbi gücünün artmasına imkan verəcək. Ötən yarım ildə büdcəyə 3 milyard manatdan çox vəsait əlavə edilib. Bunun yarıdan çox hissəsi, yəni 1,8 milyard manatı Qarabağın və Şərqi Zəngəzurun bərpasına, 1,1 milyard manat isə hərbi sahəyə yönəldilib. Prezidentimiz cənab İlham Əliyev çıxışında ölkəmizin xarici borcuna da toxunub. Bildirib ki, bu rəqəm cəmi 6,7 milyard dollardır. Bu isə ÜDM-in təxminən 10 faizini təşkil edir. Azərbaycanın xarici ticarət balansı da müsbət saldodur. Dünyanın əksər ölkələrindən fərqli olaraq, ilin birinci altı ayında profisitimiz 10 milyard dollara yaxın olub. Manatın məzənnəsi sabitdir. Bu da nadir hadisələrdəndir. Təbii ki, bütün bunlar cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin məntiqi nəticəsidir. Bütün bunlar isə Azərbaycan vətəndaşının sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən amillərdir. İşin davamında isə minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır”.