Politoloq: "Bu, birbaşa İranın silahlı qüvvələrinin zəifliyini göstərdi"
"İranın İsraili hədəfə alması guya aprelin 1-də İranın Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə İsrail tərəfindən edilən raket hücumuna cavab idi. Əslində isə pis rejissora yaxşı aktyorlar verilmişdi, amma o yaxşı aktyorlar belə həmin rolu oynaya bilmədilər. Belə ki, İranın 13 aprel hücumu qurulmuş teatr səhnəsi idi və elə də keyfiyyətli alınmadı".
Bunu "Olaylar"a deyən yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuz bildirib ki, əgər İsrailə zərbə vuracaqsansa, 72 saat əvvəl qonşu dövlətləri və ABŞ-ı niyə məlumatlandırırsan: "Aprelin 1-də İsrail təyyarələri zərbə endirdilər, heç kimə də məlumat vermədilər. İsrailin zərbəsi nəticəsində İran tərəfindən 12 nəfər öldü ki, onlardan 2-si SEPAH-ın generalı, 5-i isə yüksək çinli zabit idi. Bəs bu qurulmuş teatr nə ilə nəticələndi? Məlumdur ki, Husilər, Hizbullahın özü, HƏMAS və digər İranyönlü qüvvələr bu ölkəni tənqid edirdilər ki, sadəcə bol-bol bəyənatlar verməklə məşğulsan. İran guya bununla göstərdi ki, İsrailə hücum edir. Ancaq bunu olduqca biabırçı şəkildə etdi. İranın 300-dən artıq dronu, ballistik raketi və digər uçuş aparatlarının 99 faizi vuruldu. Cəmi 1 nəfər yaralandı, heç bir hərbi obyektə zərbə endirilmədi. Bu o deməkdir ki, İranın sadəcə şar üfürməyi var. Əslində, İranın dronları da çox zəifdir. İran fikirləşirdi ki, HƏMAS hücum zamanı dağıtdığı o günbəzi yarıb keçəcək. Ancaq dronlar gümbəzə çatmamış hamısını vurdular. Bu, birbaşa İranın silahlı qüvvələrinin zəifliyini göstərdi. Ona görə də dərhal bəyənat verdi ki, işimiz bununla bitdi".
Yunus Oğuzun sözlərinə görə, İsrailin uduşu o oldu ki, bu hücum zamanı İran təkləndi: "Heç bir ölkə İrana dəstək vermədi. İsrail isə bütün Avropa və Amerikanı birləşdirdi. Bununla da HƏMAS yaddan çıxdı. Fələstinin dövlət kimi tanınması məsələsi yaddan çıxdı. Məlumdur ki, İsrailin baş naziri ilə Baydenin elə də münasibəti yoxdur. Amerika da tələb edir ki, İsraildə seçkilər keçirilsin. İndi Amerika da geri çəkildi, İsrailə deyir ki, hücum eləmə, ancaq İsraili bilmək olmaz. Ukrayna məsələsi də yaddan çıxmadı, elə dünən Niderland Ukraynaya 4,6 milyard avro ayırdı. Həmçinin Rusiya, Çin və Türkiyə da İranın İsraili vurmasına münasibət bildirmədi. Yeddilər, BMT-nin Təhlükəsizlik Şurası dərhal yığıldı, İranın hücumunu pislədi. Bununla İsrail güclü nüfuz qazandı. Çox güman ki, İsrail İranı yenə vuracaq. Bunun nə vaxt baş verəcəyi barədə İsrail özü qərar verəcək".
Y.Oğuz qeyd edib ki, hazırda Azərbaycanın şimalı və cənubunda müharibə gedir: "Bizim də Ermənistanla gərgin bir vəziyyətimiz var. Nə sülh, nə müharibə şəraitində yaşayırıq. Görüntü ondan ibarətdir ki, yaxın bir il ərzində Ermənistanla sülh bağlanmayacaq. Hələ İsrail-İran, İsrail-HƏMAS , Rusiya-Ukrayna məsələləri aydın olmayana qədər sülh müqaviləsi bağlanmayacaq. Bu prosesin reallaşmasına nə Avropa, nə də Rusiya imkan verməyəcək. Ermənistan hazırda eskalasiya edir, guya yaranmış vəziyyətdən istifadə edib Qarabağı qaytarmaq istəyir. Amma düşünmür ki, Azərbaycan ordusu İrəvana qədər gedib çıxa bilər. Naxçıvandan İrəvana cəmi 60 kilometr məsafə var. Ümumilikdə dünya qarışıb bir-birinə, getdikcə daşlar yerində oturmağa başlayır. Geosiyasətdə nüfuz dairəsi güclənib, artıq Rusiyanı sıxışdırırlar. Rusiya Qazaxıstandan borca 100 min ton benzin istəyib, çünki ölkədə neft istehsalı 20 faiz azalıb. Paralel olaraq Ermənistan və Türkiyəni də sıxırlar, Azərbaycana ciddi təzyiq göstərirlər ki, Rusiya ilə iqtisadi əlaqələrin olmasın. Hazırda Rusiyanın vəziyyəti olduqca ağırdır. Təsəvvür edin, Ukrayna təyyarələri Kuybuşev və Kazandakı neftayırma zavodlarını bombalayır. Bu o deməkdir ki, Rusiyanın sərhəd hava hücumundan müdafiəsi olduqca zəifdir. Necə olur ki, Ukrayna təyyarələri istədikləri vaxt heç bir maneə olmadan Rusiya sərhəddini keçərək Ural, Orenburuq daxil omaqla ölkənin dərinliklərinə qədər gedir? Bu hadisələrin fonunda Azərbaycan kifayət qədər təmkinli, balanslaşdırılmış siyasət yürüdür. Hələlik müharibələrə qarışmır. Bundan sonra hadisələrin necə cərəyan edəcəyini gözləyir.