Moderator.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir:
Qüdrət bəy, Azərbaycanın bütün səylərinə baxmayaraq İran bizə münasibətdə yaxın qonşuluq və dostluq siyasəti yürütmək istəmir. Necə düşünürsünüz doğrudanmı İranın bizə yönəlik bu siyasəti onun strateji maraqlarına cavab verir?
-Bilirsiniz, belə bir el misalı var, "xain xoflu olar". Nə etsək xeyri yoxdur. İranın strateji maraqları tələb edir ki, Azərbaycan və türk dövlətləri ilə dost olsun. Həm də ona görə ki, özü də 50 % türk dövlətidir. Bunu anlamaq üçün İranın fars-molla rejimi kəfən-çalmalarını çıxarıb qoymalıdırlar qabaqlarına ki, başları bir az soyusun və soyuq başla bölgədə və dünyada baş verənləri təhlil etsinlər. Azərbaycana diş qıcırtmaqla İran ABŞ və Fransaya xoş gəlmək istəyirsə yanılır. Görünür ABŞ və Fransanın Qarabağda etnik seperatizmi dəstəkləməsi onları ümidləndirir. Amma anlamırlar ki, Azərbaycana qarşı aparılan aqressiv siyasət, əvvəllər dediyim kimi, İranı ən azı beş yerə parçalaya bilər. Ola bilsin İranın dağılmasını istəyənlər müxtəlif kanallarla onu buna təhrik edirlər. Azərbaycan MDB-nin və Türk Dövlətlər Şurasının üzvüdür, Biz Türkiyə, Rusiya və Qazaxıstanla müttəfiqlik münasibətlərinə dair saziş imzalamışıq. Pakistan ən yaxın dostumuz-qardaşımızdır. İsrail, bir çox ərəb dövlətləri strateji tərəfdaşımızdır. Avropa Birliyinin bir neçə ölkəsi və ABŞ-la bəzi məsələlərə dair fikir ayrılığı olsa da müxtəlif istiqamətlərdə ciddi əməkdaşlığımız var. Ən başlıcası İran vətəndaşlarının, bu isə o deməkdir ki, İran ordusunun yarısı bizim soydaşlardır. İranda nə düşünürlər, bütün bu qüvvələr İran mollalarının avantürüst siyasətinə göz yumacaqlarmı? Yoxsa, İran Ermənistanda ABŞ-ın minlərlə mütəxəssisinin çalışdığı dünyadakı ən böyük səfirliklərdən birinin yerləşdiyini bildiyindən onunla birlikdə özünü çox güclü hesab edir? Bir daha söyləyirəm İranın bütövlüyü və inkişafı Kafanda konsulluq açmaqdan yox, Azərbaycan və Türkiyə ilə dostluqdan keçir. Onlar nəhayət ki, bunu başa düşməlidirlər.
- Azərbaycan İranın təxribatlarına qarşı hansı addımları ata bilər?
-İlk növbədə İranla açıq söhbət edilməlidir ki, onlar ürəkbulandıran, münasibətlərə kölgə salan təxribatlara son qoysun. İran vətəndaşları üçün viza rejimini təcili aradan qaldırılmalıyıq. Azərbaycan Respublikası bütün azərbaycanlıların vətənidir. Cənublu soydaşlarımızın, o cümlədən digər İran vətəndaşlarının ölkəmizə rahat gediş-gəlişi təmin olunmalıdır. İranda ana dilində təhsil almaq imkanı olmadığından hər il ən azı 1000 (min) Cənublu soydaşımızın Azərbaycanda pulsuz təhsil alması təmin edilməlidir. İranla mədəni və humanitar sahədə əlaqələr genişləndirilməlidir. Toylarımıza Cənubdan müğənnilər dəvət etməliyik, onların bütün şəhər və qəsəbələrimizdə konsertləri təşkil olunmalıdır. İrandakı nüfuzlu azərbaycanlı siyasətçilərin, ictimai-siyasi fəalların, ekspertlərin Azərbaycana səfərləri təşkil olunmalı, iqtisadi-siyasi əlaqələr gücləndirilməlidir. Azərbaycan diplomatiyası dünyada Cənubdakı soydaşlarımızın milli haqlarını daha açıq səslə müdafiə etməlidir. Daha geniş imkanlara malik qardaş Türkiyənin bu işdə yaxından iştirakı təmin edilməlidir. İran tərəfdən təxribatçı addımlar davam edərsə İsraillə əməkdaşlığımız daha yüksək səviyyəyə qaldırılmalı, təcili İsraildə səfirliyimizi açmalı, İsrailin Lənkəran, Naxçıvan və Cəbrayılda konsulluq xidmətlərinin açılmasına çalışmalıyıq. Bundan başqa idarəetmənin təkmilləşdirilməsi, dünya azərbaycanlıları ilə əməkdaşlığı gücləndirmək məqsədilə Diaspora Komitəsi XİN-in nəzdində bir şöbəyə və ya idarəyə çevrilməlidir ki, XİN səfirliklərimiz vasitəsilə bütün potensialını ilə bu işə cəlb edə bilsin.
-Cənublu soydaşlarımızın Azərbaycanda təhsil almalarından danışdınız, amma bu gün belə bir informasiya yayıldı ki, Təhsil Naziri məktəb direktorları ilə görüşdə deyib ki, "məktəblər təhsil vermir və biz bunu bilirik . Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər". Bu məsələyə də münasibət bildirmənizi xahiş edirik.
-Təhsil sistemində də digər sahələrdə olduğu kimi problemlər var və biz bu istiqamətdə haqlı tənqidlərin şahidi oluruq.Amma nazirə sistemli hücumların da təşkil olunduğunu görürük. Bilmirəm nazir hansı formada fikirlərini ifadə edib, amma əminəm ki, əsas məqsəd məktəblərdə təhsilin keyfiyyətinin və direktorların məsuliyyətinin artırılması olub. Amma tənqidlə indikindən fərqli və daha yaxşı nəticələrə nail olmağın mümkünlüyünə inanmıram. Repetitorluğun qarşısının alınmasının əsas yolu orta məktəbin buraxılış imtahanlarının nəticəsi əsasında ali məktəblərə qəbulun keçirilməsidir. Bu məsələni dəfələrlə Milli Məclisdə qaldırmışam. Ən böyük anormallıq isə odur ki, hər iki imtahanı eyni dövlət orqanı həyata keçirir və hər iki imtahanda məqsəd şagirdlərin biliyinin qiymətləndirilməsidir. Hökumət bir imtahana getmir. Çünki həm DİM-i saxlamaq üçün imtahandan pul yığır, həm də görünür bilirlər ki, müəllimlərin maaşı azdır və istəyirlər ki, Konstitusiya ilə orta təhsil pulsuz olsa da valideyinlər müəllimlərə orta təhsil üçün əlavə pul ödəsin. Kiçik istisnalarla ali məktəblərə qəbul olunanların hamısı repetitor yanına gedir. Bu da orta təhsilin ölkəmizdə pulsuz olmamasının əyani sübutudur. Bundan başqa repetitorluq haqqında qanun da qəbul olunmalıdır. Repetitorluqla məşğil olmaq üçün müəllimlər vergi ödəyicisi kimi qeydiyyatdan keçməli, bir müəllimin eyni vaxtda maksimum iki şagirdlə məşğul olması qaydası müəyyən olunmalı, şagirdlər məktəbdən yayına bilməsinlər deyə öz dərs cədvəlləri barədə repetitora məktəbdən arayış təqdim etməlidirlər. Məktəb binalarında repetitorluq qadağan olunmalıdır. Düşünürəm müəllimlərin maaşını artırmaqla və qeyd etdiyim tədbirləri görməklə bu istiqamətdə fundamental dəyişikliklərə nail olmaq olar. Təki istək olsun.Amma bir çox şəxslərin bundan faydalandığını nəzərə alsaq bu tipli islahatlara gediləcəyini çətin hesab edirəm