İraq Azərbaycan üçün dost ölkədir

Azərbaycan və İraq arasında münasibətlər həmişə yüksək səviyyədə olub. Hər iki dövlətin adət-ənənələrində, xalqların tarixi-mədəni keçmişində də müəyyən oxşarlıqlar vardır. Keçmiş sovetlər dövründəki çətinliklərə baxmayaraq, Azərbaycan dindarları İraqdakı müqəddəs məkanları daim ziyarət edirdilər. Xalqımızın İraqa daim xüsusi bir rəğbəti olub, bu da təsadüfi deyil. İraqın müqəddəs Nəcəf və Kərbəla şəhərləri azərbaycanlılar üçün mühüm önəm daşıyan məkanlar sayılır. İslam dininin elmi şəkildə öyrənilməsində və yayılmasında da İraqın böyük rolu olub.

02 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımış, 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur.

İraq İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində daim Azərbaycanı dəstəkləyir. İraqın Azərbaycanın ərazi bütövlüyünü daim tanıyıb. Vətən müharibəsi dövründə biz dünyanın bir çox ölkələrindən dəstək məktubları alırdıq. Çox xoşdur ki, bu ölkələr arasında İraq da var idi. Biz bunu dini bağlılıq, qardaşlıq baxımından yüksək dəyərləndiririk.

Azərbaycan da öz növbəsində beynəlxalq təşkilatlar çərçivəsində İraqı daim dəstəkləyib.Hazırda İraq parlamentində Azərbaycanla münasibətlərin daha da inkişafı üçün mütəmadi işlər görülür.

İraqla Azərbaycan arasında münasibətlər bundan sonra daha sürətlə inkişaf edəcək. Hazırda iki dost və qardaş dövlət arasında dini və mədəni əlaqələr də daxil olmaqla bütün sahələrdə ikitərəfli münasibətlər son illər daha da inkişaf edir. Ölkə başçılarının xüsusi diqqəti sayəsində Azərbaycan-İraq əlaqələrinin yeni bir dövrü başlayır. Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar, imzalanan sənədlər münasibətlərin inkişafına fayda verəcəkdir. 

Xüsusilə də, nəqliyyat-kommunikasiya, enerji, turizm və birbaşa uçuşların açılması istiqamətində əlaqələr sürətlə inkişaf edəcək, qarşılıqlı investisiya qoyuluşu daha da artacaq və ticarət dövriyyəsi genişlənəcəkdir. Bunun üçün kifayət qədər potensial və imkanlar mövcuddur. İraq və Azərbaycan xalqları arasındakı tarixi əlaqələrin mahiyyəti də buna kifayət qədər geniş imkanlar açır.

Azərbaycanın Ermənistanın işğalı faktı ilə üzləşdiyi dövrdə İraqın Azərbaycana bir çox beynəlxalq platformalarda verdiyi dəstək, Azərbaycanın isə separatizmə məruz qalmış bir ölkə olaraq İraqa verdiyi dəstək qarşılıqlı münasibətlərə çox ciddi təsir göstərir.

Bizdən çox uzaq olsa da, İraq bizə qonşu sayılır. Amma İraq bir çox ərəb dövlətlərindən fərqli olaraq, bizə qarşı münasibətdə dostluq prinsiplərinə həmişə sadiq qalıb. Bu da ölkələrimiz arasında gələcəkdə daha sıx, daha məhsuldar əlaqələrin formalaşacağına müsbət zəmin yaradır.
 

Əminə Ağazadə

Milli Məclisin deputatı