Siyasi dialoqa hər zaman çox önəm verən, regionda və dünyada sülhün tərəfdarı olan ölkəmizin dünya dövlətləri ilə səmərəli və qarşılıqlı əməkdaşlığı inkişaf etməkdə davam edir. Son dövrlərdə istər cənab Prezidentin xarici ölkələrə işgüzar və rəsmi səfərləri, istərsə də digər dövlətlərin dövlət və hökumət başçılarının Bakıya rəsmi səfərləri Azərbaycanın xarici dövlətləri ilə yüksələn xətt üzrə inkişaf edən münasibətlərinin və yaxın əlaqələrinin göstəricisidir. Noyabr ayının 19-da ölkəmizə daha bir dövlət başçısının səfəri baş tutmuş, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Ölkələr arasında ikitərəfli qarşılıqlı münasibətlərin formalaşmasında və inkişaf etməsində rəsmi səfərlərin, xüsusən dövlət başçıları səviyyəsində həyata keçirilən səfərlərin rolu çox böyükdür. Prezident Əbdüllətif Camal Rəşidin səfəri diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əslində bu həm İraq, həm bizim dövlətimiz üçün tarixi hadisədir. Ona görə, şübhəmiz yoxdur ki, cari səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.
İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda birgə əməkdaşlıq həyata keçirir və həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, ən əsası isə bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik. Həmçinin onu da qeyd etməliyəm ki, ölkələrimiz tarixən dini və mədəni əlaqələr baxımından bir-birinə çox yaxındır.
Cari səfər zamanı ölkə başçılarının görüşü baş tutmuş, Azərbaycan ilə İraq arasında siyasi əlaqələrin, iqtisadi-ticarət əlaqələrinin, parlamentlərarası və regional əməkdaşlığın və mədəni mübadilələrin davamlı şəkildə inikişaf etdirilməsi üçün faydalı müzakirələr və danışıqlar aparılmış, eyni zamanda “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” da daxil olmaqla bir sıra mühüm əməkdaşlıq sazişləri imzalanmışdır.
İraqla beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək mexanizmlərini bundan sonra da davam etdirəcəyik və qarşılıqlı səfərlərin intensivləşdirilməsi də planlaşdırılıb. Artıq yaxın günlərdə ölkəmizin nümayəndə heyətinin hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcəyi də məlumdur. Enerji sahəsində əməkdaşlıq, müdafiə sənayesi və turizm sahələrində əməkdaşlıq imkanları, nəqliyyatın, eləcə də hava nəqliyyatının inkişafı xüsusi müzakirə edilən məsələlərdir. Çünki bütün bu sahələrdə ölkələrimiz arasında qarışlıqlı faydalı əməkdaşlığın artırılması üçün yüksək potensial var. Faktiki olaraq gələcək əməkdaşlığımız üçün əsas istiqamətlər müəyyənləşdirilib, aparlan danışıqlar və imzalanmış sazişlər bunun bariz nümunəsidir. Bu səfər həm də onun göstəricisidir ki, dost dövlətləri Azərbaycanın qələbəsini, onun regionda yaratdığı reallıqları tanıyır və qəbul edir.
Cənubi Qafqazda destruktiv rol oynayan, Ermənistanı öz marionetinə çevirməyə çalışan Fransa, ABŞ kimi bəzi ölkələrin regionda sülhü, sabitliyi pozmaq cəhdlərinə ölkəmiz dünya dövlətlərinin başçılarını qəbul etməklə, siyasi dialoqu rəhbər tutmaqla cavab verir. Biz heç vaxt müharibənin tərəfdaşı olmamışıq, düzdür İkinci Qarabağ Müharibəsi baş tutdu, lakin bunu əsla digər dövlətlə aparılan beynəlxalq müharibə kimi qələmə vermək olmaz, biz öz ərazimizdə vuruşduq və torpaqlarımızı azad etdik, suverenliymizi bərpa etdik, Qarabağdakı qeyri-qanunu rejimi süquta uğratdıq. Bundan sonra heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin güclü iradəsinə təsir göstərə bilməz. Azərbaycan sülhə hazırdır və heç bir pozucu qüvvə bizi bu yoldan çəkindirə bilməyəcək. Bütün dünya ictimaiyyətinə məlumdur ki, artıq bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təkliflərimiz ilə Ermənistana müraciət etmişik və təkliflərimizə cavab verilməsini gözləyirik.
Ümid edirik ki, Ermənistan, onun dövlət və hökumət başçıları müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyalarına yox, öz milli maraqlarına üstünlük verəcək və bütün regionumuz üçün davamlı sülhün əldə edilməsi fürsətini qaçırmayacaq. Azərbaycan isə öz yolundan dönməyərək, hər zaman ilk növbədə öz milli maraqlarını rəhbər tutmaqla, eyni zamanda beynəlxalq sülh və əmin-amanlıq naminə digər dövlətlərlə əməkdaşlığı davam etdirəcək.
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov