İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata bəyanatında bir neçə mühüm məqamı yenidən aktuallaşırdı.
İlk növbədə, Azərbaycan- İraq münasibətlərinə diqqət çəkərək qeyd etdi ki, iki ölkənin diplomatik əlaqələr tarixi boyunca İraq prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Dövlət müstəqilliyini bərpa edən Azərbaycanı ilk tanıyan ölkələrdən biri də İraq olmuşdur. Belə ki, 2 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımış və üç ay sonra Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. Sonrakı illərdə qarşılıqlı əlaqələrin intensiv və ya daha sıx olması ilə bağlı ardıcıllıq izlənilmir. Doğrudur, 20 may 2011-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılmış, 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır. Həmçinin, 2017-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda keçirilən dünya iqtisadi forumunda iştirakı çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin başçısı cənab M. Bərzani ilə görüşmüşdür. Bununla yanaşı İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirərək BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında bir-birini dəstəkləmiş, qarşılıqlı olaraq suverenliyini və ərazi bütövlüyünü müdafiə etmişdir.
Əlbəttə ki, bunun səbəbləri var. Əgər biz ötən dövr ərzində hər iki ölkədə və onun ətrafında cərəyan edən hadisələri təhlil etsək, görərik ki, onların qarşısında dayanan problemlər, ölkədə və ətrafda baş verən hadisələr fonunda, eyni zamanda, təbii resurslara zəngin olan Azərbaycana və İraqa ikili standartlarla yanaşılmışdır. Lakin hazırda hər iki ölkə özünün yeni inkişaf mərhələsini yaşayır. Bu ölkələrin sıx siyasi, iqtisadi, mədəni əlaqələrinin daha da gücləndirilməsinə ehtiyac vardır. Məhz bu baxımdan da, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, “Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir”.
Bu səfər İraq və Azərbaycan arasında perspektiv əməkdaşlıq üçün yeni imkanlar yaradır. Səfər çərçivəsində imzalanmış sənədlər də bunu göstərir. Müxtəlif sahələrdə, o cümlədən, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalanması bu səfərin əhəmiyyətini göstərir. Azərbaycan ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurmağa açıq ölkədir. Onun regiona daxil olan və ya dünyanın müxtəlif region dövlətləri ilə iki və çoxtərəfli qarşılıqlı və praqmatik münasibətləri mövcuddur. İraqla çoxtərəfli əlaqələrin gücləndirilməsi yaxın gələcəkdə hər iki ölkənin xalqı üçün faydalı olacaqdır.
Xüsusi ilə qeyd etmək lazımdır ki, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata bəyanatında dövlət başçısı bizim üçün həssas və bir o qədər də vacib məsələlərə konkret şəkildə aydınlıq gətirdi və xalqımızın siyasi iradəsini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev bildirdi ki : “Cənab Prezident (İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid) qonşu Ermənistana da səfər edəcək. Ona görə də mən fürsətdən istifadə edərək iki ölkə arasındakı hazırkı vəziyyətlə bağlı qonağımı məlumatlandırmaq istəyirəm”. Lakin bu məlumatlandırma ilə yanaşı, həm Ermənistan cəmiyyətinə, həm Ermənistan Hökumətinə, həm də Ermənistanının havadarlarına yönəlmiş mesajlar idi.
Ölkə başçısı qeyd etdi ki, “Hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin olmasına imkan verə bilmərik”. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmişdir. Və Azərbaycanın şərtsiz Qələbəsi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmalıdır. Azərbaycan öz ərazisində separatizmi məhv etmişdir . Bundan sonra da hər hansı qanunsuz separatçı rejimin yaranmasına imkan verməyəcəkdir. Dövlətimizin başçısı bununla da sülh danışıqlarının və birgəyaşayışın Azərbaycan üçün prinsipial hesab olunan əsas şərtlərdən birini səsləndirdi. Prezident İlham Əliyev Ermənistan cəmiyyətinə bu mesajı verir: “Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər”. Yəni, Ermənistan cəmiyyəti bilməlidir ki, onların Hökuməti erməni xalqının maraqlarına yox, Qərb kuratorlarının regiondakı geosiyasi ambisiyalarına, bu ambisiyaların ödənilməsinə xidmət edir.
Azərbaycan müasir hərb tarixində görünməyən, bənzəri olmayan hərbi əməliyyatlar keçirdi. 5-ci nəsil müharibəsi aparan Azərbaycan Ordusu 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirləri ilə bir daha göstərdi ki, mülki əhaliyə zərər vurmadan necə döyüşmək olar: “Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə Azərbaycan tərəfindən aparılmış antiterror tədbirləri mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən ölkəmiz örnək hesab olunmalıdır”. Bu təkcə ölkəmizin hərbi gücünün nümayişi deyil, eyni zamanda, Azərbaycanın geosiyasi qərarları müstəqil və milli maraqlara uyğun şəkildə qəbul etmək və yerinə yetirmək iqtidarında olduğunun bariz nümunəsidir.
Dövlətimizin başçısı qeyd etdi ki, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə.
Bu fikirləri səsləndirməklə, Azərbaycan Prezidenti Ermənistana açıq şəkildə reallıqları çatdırır. Ona dəstək olan ölkələrin öz geosiyasi maraqları olduğunu, bildirir. Azərbaycan isə həm qalibdir, həm də ədalətlidir:“Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə”. Bütün müstəvilərdə açıq üstünlüyə malik olan Azərbaycan sülhə hazır olmasının bəyan edir. Bütün ağrı-acılara baxmayaraq Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün yeni səhifə açmağa hazır olduğunu bir daha səsləndirir. Bunu ancaq öz siyasi, iqtisadi, hərbi gücünə inanan və xalqın iradəsinə etibar edən bir dövlətin rəhbəri deyə bilər.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova