İşədüzəltmə agentlikləri insanları necə aldadır? - AÇIQLAMA

Azərbaycanda əhaliyə müxtəlif işlər təklif edən işədüzəltmə agentlikləri fəaliyyət göstərir. Ölkədə fırıldaqçılıqla məşğul olan işədüzəltmə agentlikləri də mövcuddur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən hüquqşünas Əlövsət Allahverdiyev bildirib ki, belə işədüzəltmə agentliklərinin fəaliyyəti tam qanunla nəzərdə tutulmuş fəaliyyət deyil:

"Bəzi işədüzltmə agentliklər işsiz insanların inamından istifadə edib dələduzluq edir. İşədüzəltmə agentliyinə yaxınlaşan insanlara anket verilir ki, bu anketi doldurun, biz sizi işlə təmin edəcəyik. Anketə görə 10-15 manat pul tələb edilir. İnsanlar dərhal bilməlidir ki, bu fırıldaqçılıqdır. İşədüzəltmə büroları göstərdikləri xidmətə görə işçidən qətiyyən pul almamalıdırlar. Azərbaycan Respublikasının Əmək məcəlləsində işə düzələrkən pul alınması deyə bir maddə yoxdur".

O qeyd edib ki, xarici ölkələrdə işədüzəltmə agentliyi vətəndaşı işə düzəldəndən sonra işə düzələnlərdən yox, işə götürənlərdən faiz alır. Bu qanunla tənzimlənmiş formada həyata keçirilir:

"Azərbaycanda olan işədüzəltmə agentliklərinin əksəriyyəti isə vətəndaş işə başlayandan bir müddət keçmiş hədələyir ki, ilk ayının maaşının yarısın bizə ver. Yoxsa işdən çıxaracağıq. Bütün bunlar qanuni şəkildə araşdırılıb sübuta yetirilməlidir. Şəxsin əməli sübut olunarsa, qanuni şəkildə məsuliyyətə cəlb olunmalıdır."