İslahatlar təhsilin keyfiyyətini yüksəldib 

Təhsil sahəsi cəmiyyətin tərəqqisini, xalqın və dövlətin gələcək müqəddəratını həll edən amillər arasında xüsusi yerə malikdir. Bu sahənin inkişafı bütün dünya dövlətlərində prioritet məsələ hesab edilir. Pedaqoji kadrların hazırlanması ilə məşğul olan Azərbaycan Dövlət Pedaqoji Universiteti də öz fəaliyyətində dünyadakı təhsil çağırışlarını və dövlətimizin təhsil siyasətini rəhbər tutaraq xeyli müsbət nəticələr əldə edib. Universitet rəhbərliyi tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar ADPU-nu keyfiyyətli təhsilin məkanını çevirir. Eyni zamanda abituriyentlərin universitetə marağı günü-gündən artır. Məsələn ali təhsil müəssisələrinə 2022-ci il üçün tələbə qəbulu müsabiqəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) kifayət qədər uğurlu nəticə göstərib və plan yerləri tam dolub. ADPU-nun builki qəbul planı 99,96 % və 2470 plan yerindən cəmi 1 boş yer qalıb. Bununla yanaşı Pedaqoji Universitetə qəbul olanlar arasında kifayət qədər yüksək nəticə göstərmiş tələbələr də var. Belə ki, artıq müəllimlik ixtisaslarının keçid balı digər prestijli ixtisasları üstələyir. Ümumilikdə, bu il ADPU-ya qəbul olunan tələbələrin 211 nəfəri 500 baldan yüksək nəticə göstərib ki, onlardan da 5 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Universitetə ən yüksək balla qəbul olunan abituriyent 651.9 bal toplayıb. Son 6 il ərzində ADPU-nun qəbul planı 2200 nəfərdən 2470-ə, qəbul planının dolma dərəcəsi 94 faizdən 100 faizə qalxıb. 2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinə görə ölkə üzrə təhsil ixtisaslarına ayrılan 10298 plan yerinin 36.4 faizi Pedaqoji Universitetin payına düşür və ADPU payı daha da artırmaq istiqamətində uğurlu fəaliyyət göstərir. ADPU-da təlim mühitinin və əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması yönündə də davamlı tədbirlər görülür. Son 6 il ərzində professor-müəllim heyətinin əmək haqqında təxminən 34-43 faiz arası artım olub və əmək haqqının mütəmadi artırılması, həmçinin maddi-texniki təchizatın yaxşılaşdırılması üçün tədbirlər davam etdirirlir. Cari tədris ilindən etibarən auditoriyalarda yeni ağıllı lövhələrin quraşdırılmasına başlanılıb. Məzunların builki məşğulluğu isə 71 faizdir. Cari ildə ADPU-nun 1969 nəfər məzunundan 71 faizinin məşğulluğu təmin olunub. Ötən il bu göstərici 63 faiz təşkil edirdi. Onlar əmək bazarına atılaraq bir qismi MİQ vasitəsilə dövlət ümumtəhsil məktəblərində, bir qismi özəl təhsil müəssisələrində, digər qismi isə qeyri-pedaqoji dövlət və özəl təşkilatlarda fəaliyyət göstərir, habelə, məzunlardan 390 nəfər (20 faizi) magistratura səviyyəsində ölkəmizdə və xaricdə təhsillərini davam etdirirlər.

Anar Salehoğlu

ADPU-nun 4-cü kurs tələbəsi, ictimai fəal, ictimai əsaslarla deputat köməkçisi