14.10.2021-ci il tarixində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzəliyev, "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov, rayon təhsil şöbəsi və peşə təhsil mərkəzinin əməkdaşları, media qurumlarının rəhbərləri, və rayon ictimayyəti və KİV nümayəndələrinin iştirakı ilə mediatur təşkil edilib.
İlk öncə ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Sonra Mediatur iştirakçıları Şəhidlər xiyabanını, həmçinin tarix müəllimi, şəhid Famil Əhmədzadənin məzarını da ziyarət ediblər, şəhidin evində olub, ailə üzvləri ilə görüşüblər.
İştirakçılar tərəfindən İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin həyətində Şəhidlər abidəsi ziyarət edilib və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən, Zəfər Gününə həsr olunan “Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyasını həyata keçiriblər.
Mediatur iştirakçıları İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası, yaradılmış şərait, ixtisas otaqları ilə tanış olub. Mərkəzdə “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlimlər izlənilib. Təlim iştirakçıları tərəfindən sahədə dronların uçuşu həyata keçirilib, drondan istifadə qaydaları, növbəti mərhələdə qarşıya qoyulmuş məqsədlər barədə təqdimat edilib. Bildirilib ki, təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə israilli mütəxəssislər tərəfindən keçirilir.
Peşə Təhsil Mərkəzinin direktoru Zaur Muradov bildirib ki, İsmayıllıda təlimçilər hazırlanır, gələn ildən peşə təhsil mərkəzində dronların idarə edilməsi üçün operatorların hazırlanması üzrə pilot olaraq yeni ixtisasın yaradılması nəzərdə tutulur. Bu dronlar süni intellektlə idarə olunur. Yaxın vaxtlarda kənd təsərrüfatı sahəsində çalışan fermer və sahibkarlar bu dronların fəaliyyətindən bəhrələnə biləcək.
Daha sonra Regional Mədəniyyət Sarayında keçirilən sentyabr konfransında İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayon təhsil işçiləri həmçinin Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İnstitutu (ARTİ), Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Rövşən Əliyev konfransın işinə uğurlar arzulayıb.
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu konfransda iştirak edən bölgələr üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb.