İsmayıllıdakı yanğının səbəbi məlum oldu - YENİLƏNİB

İsmayıllıdakı yanğına qaz balonunun partlaması səbəb olub

İsmayıllı rayonunda baş verən yanğının səbəbi məlum oldu. FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsindən Sabahinfo.az-a bildirilib ki, bu gün saat 12:00 radələrində başlayan və 13:30 radələrində söndürülən yanğına evlərdən birinin zirzəmisində olan qaz balonunun partlaması səbəb olub. Rayon sakini, 1962-ci il təvəllüdlü Əkbərov Eldəniz Ağaməşədi oğluna məxsus ümumi sahəsi 200 kvadratmetr olan 4 otaqlı ev tamamilə yanıb, 1987-ci il təvəllüdlü Əkbərov Aqşin Elburus oğluna məxsus ümumi sahəsi 200 kvadratmetr olan 4 otaqlı ev və içərisindəki əşyalar, evə bitişik 30 kvadratmetr olan mağaza, 80 kvadratmetr olan anbar və içərisindəki məişət əşyaları və elektrik avadanlıqları, qonşuluqdakı bir mağazanın tavanı yanıb. 
Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda yanğınsöndürənlər hadisə yerindədir, yanğının tam məhdudlaşdırılması işləri görülür.

Faktla bağlı araşdırma aparılır.
***

13:31

İsmayıllı şəhərində baş verən yanğının qarşısı alınıb.

Bu barədə Sabahinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın havanın küləkli olmasına baxmayaraq yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***12:44

İsmayıllı rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib.

Sabahinfo.az-ın məlumatına görə, bu gün saat 12:00 radələrində İsmayıllı şəhərinin Heydər Əliyev prospektində yerləşən bir evdə başlayan yanğın qısa vaxtda böyük ərazini əhatə edib. Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

İndiyədək ərazidə 2 ev və 3 mağaza yanıb. Hazırda yanğın davam edir, getdikcə genişlənən alovun qarşısını almaq çətinləşib. Yanğının baş vermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.