Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsinə İsveçdə yaşayan soydaşımız yazıçı Eluca Atalı “Tiqranizm Xocalıda”, “İran hizbullah zindanında” və məktəblilər üçün yazılmış “Uzaq səfərin qəribə sonluğu”, “Ənqa quşu”, “Odunçunun nağılı” kitablarını hədiyyə etdi.
“Tiqranizm Xocalıda” kitabında ermənilərin Xocalıda törətdiyi vəhşiliklər, insanlıq əleyhinə cinayətlər öz əksini tapıb. “İran hizbullah zindanında” romanında İranda 1978-1979-cu illərdə baş verən inqilab zamanı zindana salınmış qadınların məşəqqətli həyatı, onlara verilən işgəncələr, kütləvi edamlar baş verən bir məkan təsvir edilir.
Eluca Atalının kitabları uşaqların mənəvi keyfiyyətlərinin zənginləşməsinə xidmət edir. “Uzaq səfərin qəribə sonluğu” uşaq romanında ən kiçik vücudda belə böyük imkanın varlığından, öz hədəfinə çatmaq üçün qarşısına keçən maneələri dəf etməkdən bəhs olunur. Yazıçının “Ənqa quşu” kitabı uşaq romanı olsa da, böyük bir məna kəsb edərək hər bir insanın həyat yoluna işıq tutan əsərdir. Müəllif həyatda baş verən mənfili-müsbətli hadisələri təbiətə gətirmişdir. Kiçik kolibri quşunun vurulduğu Günəşə qovuşmaq üçün bir ömrün yetməyib əbədiyyətə qovuşmasından danışılır. Əsərdə uşaqlara məqsədlərinə çatması üçün öz iradəsinə güvənməsi vacib olduğu bildirilir. “Odunçunun nağılı” kitabında 3 əsər yer alır. Müəllif “Odunçunun nağılı” pyesində təbiətlə insanın bir-birinə bağlı olduğunu oxucularına çatdırır. “Qayıdış” dramında isə yazıçı Xocalı soyqırımı zamanı insanların yaşadığı ağır faciəni göstərir.
Oxucular kitabları Yasamal rayonunun kitabxanalarında oxuya bilərlər.
Kitablar haqqında daha ətraflı məlumat bu keçiddə yerləşdirilib:
https://drive.google.com/file/d/1tQOjzmuqVEsT-3UgWxZSz7XgdOhD2nGZ/view?usp=sharing