Azərbaycanın beynəlxalq arenadakı mövqeyi zaman keçdikcə daha da güclənir. Cənab Prezident İlham Əliyevin Sercio Mattarellanın dəvəti ilə İtaliyaya işgüzar səfəri bunun aydın təzahürüdür.
Azərbaycanla İtalya arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür. Bu müddət ərzində iki ölkə arasında əlaqələrin inkişaf dimanikasında siyasi, iqtisadi və ticari münasibətlər ön sırada olub.
Siyasi aspektdən məsələyə baxanda İtalyanın Azərbaycanın haqlı mövqeyinin dəstəklədiyinin şahidi oluruq. İstər atəşkəs dövründə istərsə də 44 günlük vətən müharibəsi zamanı İtalyanın bir sıra bələdiyyələrinin erməni təcavüzünü pisləyən bəyanatlarının şahidi olmuşuq. Belə ki, Neapol şəhərinin Ottaviano, Liveri, Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri atdığı addımlar nəticəsində sözügedən regionlarda Ermənistanın təcavüzünü pisləyən sənədlər qəbul edilib. Prosesə bir sıra italyalı parlamentarilər də qoşulub ki, bütün bunların nəticəsində beynəlxalq arenada erməni vəhşiliyi ilə bağlı fikrin formalaşmasında müham addım atılıb.
Hələ 2020-ci ildə İtaliya parlamentinin Deputatlar Palatasının və Senatın nümayəndə heyətinin Azərbaycana səfərə gəlməsi, onların Gəncə və Ağdam şəhərlərində erməni barbarlığını, vandalizmini, terrorunun izlərini əyani şəkildə görmələri bir daha ona işarə edir ki, İtaliya Azərbaycana əsl dost ölkədir. Bu mənada, İtaliya şirkətlərinin işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərində iştiraka cəlb edilməsi təkliflərinin irəli sürülməsi də təsadüfi deyildir.
İki ölkə arasında enerji və digər sahələr üzrə əməkdaşlıq tarixçəsinə nəzər salanda iki ölkə arasında ticarət dövriyyəsinin artması, TAP layihəsi çərçivəsində əldə olunan uğurlar səmimi münasibətlərdən xəbər verir. İtaliya ilə Azərbaycan arasında əlaqələrə dair bəzi faktlara diqqət yetirərkən məlum olur ki, qarşılıqlı ticarət dövriyyəsi 6 mlrd ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həçmində sərmayə yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 mlrd ABŞ dolları olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 mln ABŞ dolları olan 37 layihədə podratçı kimi iştirak edirlər.
İtaliya kənd təsərrüfatı və sənaye sektorlarında mütərəqqi texnoloji avadanlıqların tətbiqi sahəsində böyük təcrübəyə malikdir. Odur ki, İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirilən investisiya layihələrində, sənaye zonalarında, aqroparklarda, logistik mərkəzlərin yaradılmasında iştirakı əməkdaşlığımıza əlavə stimul yaradır. Bu baxımdan qarşılıqlı səfərlər əməkdaşlığın yeni mərhələsində daha geniş imkanların yaranmasına gətirib çıxarır.
Cənab Prezident İlham Əliyev İtalyaya səfəri çərçivəsində İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində İtalya Azərbaycan münasibətləri barəsində öz fikirlərini belə bildirib: “İtaliya ilə bizim xüsusi münasibətlərimiz var. Biz Strateji Tərəfdaşlıq Sənədi adlanan sənədi imzalamışıq. Mən pandemiyadan əvvəl İtaliyaya rəsmi səfər etmişdim, o, çox uğurlu olmuşdur və biz böyük planlarla geriyə, evə döndük. Mən əminəm ki, biz bu planları icra edəcəyik, baxmayaraq ki, pandemiya onlara bir az müdaxilə etdi. Lakin bu planlar əsasən enerji sektoru ilə əlaqəli deyildi. Düşünürəm ki, biz enerji istiqamətində bütün planlaşdırdıqlarımızı icra etdik. Hesab edirəm ki, bu gün İtaliya neft təchizatına görə bizim üçün əsas ticarət tərəfdaşıdır və tezliklə biz TAP-ın açılışını qeyd edəcəyik və bununla da Cənub Qaz Dəhlizi tamamlanmış olacaqdır. Üstəgəl, bir çox italyan şirkəti uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz podratçı qismində daha çox italyan şirkətlərini dəvət etməyi planlaşdırırıq. Yeri gəlmişkən, burada onlar neft-kimya məhsulları üzrə bir çox önəmli layihələri tamamlamışdılar və biz Prezident Mattarella ilə birlikdə açılış mərasimində iştirak etmişik. Buna görə mən əminəm ki, bu münaqişə bizim təkcə İtaliya ilə münasibətlərimizə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək. Mən bundan əminəm”.
Sonda isə onu qeyd edim ki, Cənab Prezident İlham Əliyevin İtalyaya işgüzar səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı yolunda növbəti addım kimi tarixə düşəcək, dövlətlərarası strateji münasibətlərin inkişafında böyük uğurlara yol açacaqdır.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı