İtkin düşən qızı atası taparaq QƏTLƏ YETİRİB - YENİLƏNİB

Sentyabrın 7-i saat 09 radələrində Bakı-Sumqayıt avtomobil yolunun kənarında Ağsu Rayon Polis Şöbəsinə sentyabrın 2-də itkin düşməsi ilə bağlı müraciət olunmuş, Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar olunması barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub.

Sabahinfo.az xəbər verir ki, aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1965-ci il təvəllüdlü Nazim Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

***

Abşeron rayonunda ata qızını qətlə yetirib.

Sabahinfo.az xəbər verir ki, Ağsu rayon Pirhəsənli kənd sakini, əvvəllər məhkum olunmuş Nazim Əliyev Abşeron rayona gələrək qızı Aybəniz Abdullayevanı bıçaqla qətlə yetirib.

Qeyd edək ki, sentyabrın 2-də Ağsu rayon Polis Şöbəsinə bir şəxsin itkin düşməsi barədə də məlumat daxil olub. Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.