"Jest Dilində Danışan Uşaqlarda Ünsiyyətqurma Bacarığının və Lüğət Ehtiyatlarının Artırılması Üzrə Təşəbbüslər" adlı layihənin təqdimatı həyata keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi   maliyyə dəstəyi ilə Səssiz Dünya İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İB  tərəfindən 27 iyul tarixində Sumqayıt şəhər general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada  "Jest Dilində Danışan Uşaqlarda Ünsiyyətqurma Bacarığının və Lüğət Ehtiyatlarının Artırılması Üzrə Təşəbbüslər" adlı layihənin təqdimatı həyata keçirilib.

Təqdimat Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin 1 dəqiqəlik  sükutla yad edilməsi və Azərbaycan  himninin  səslənməsi ilə başlanılıb.Təqdimat zamanı məktəbin direktoru Qönçə Hüseynova ,  Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tabeliyində Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva  çıxış edərək əlilliyi olan şəxslərlə münasibətdə problemlərin  aradan qaldırılması  yolları mövzusuna toxunmuşdur. Iştirakçılar sırasında  Sumqayıt şəhər general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın və Sumqayıt şəhərində fəaliyyət göstərən digər məktəblərin  müəllim kollektivi  və valideynlər ,  bununla yanaşı əlilliyi olan şəxslər iştirak etmişdir.

Layihə rəhbəri Aidə Səfərovanın məlumatına görə  layihənin məqsədi eşitmə  və nitq qabiliyyəti tam məhdud olan şəxslərin ünsiyyət vasitəsi olan jest dilinin təbliği , onların cəmiyyətə inteqrasiyasına dəstək vermək , ictimaiyyətin diqqətini  eşitmə pozulmasından əziyyət çəkən insanların problemlərinə yönəltməkdən ibarətdir. Təqdimat zamanı  iştirakçılar jest dilinin nəzəriyyəsi  , daktil əlifba və jest dili lüğəti haqqında məlumatlandırılmış və onlara bu dildə bir neçə sosial çarx təqdim olunmuşdur.Tədbirin sonunda iştirakçılar çay süfrəsinə dəvət olunub.