"Jurnalistlərin ən çox axtardığı baş redaktor mənəm" - Xəyalə Rəis bu müjdəni də verdi

Bu gün Moderator.az xəbər portalı ad gününü qeyd edir. Gündəlik Azərbaycan və rus dillərində xəbərlər təqdim edən portal 12 il əvvəl məhz bu gün, 2012- ci ilin 1 noyabr tarixində fəaliyyətə başlayıb.

Bu əlamətdar günü nəzərə alaraq Sabahinfo.az Moderator.az-ın baş redaktoru Xəyalə Rəis ilə həmsöhbət oldu.

- Sayt mərhum jurnalist Zülfüqar Hüseynzadənin yadigarıdır. Yəqin ki, bu səbəbdən də moderator-a rəhbərlik etmək məsuliyyətinizi artırır...

- Əlbəttə. Moderator.az mənim üçün yad kollektiv və sayt deyildi. Öncədən iki il burada şef redaktor vəzifəsində çalışmışdım. Onun üçün saytın iş qrafiki, üslubu, hansı istiqamətə daha çox üstünlük verildiyini bilirdim. Yəni baş redaktor olaraq geri dönəndə hara gəldiyimi, hansı kollektivlə çalışacağımı və hansı istiqamətlərə köklənəcəyimi bilirdim. O ki qaldı Zülfüqar Hüseynzadənin yadigarına, mən bunun məsuliyyətini dərk edirəm və saytın əvvəlkindən də artıq İP toplamasına, böyük auditoriyaya çatmasına, daha çox oxunaqlı yazıların yazılmasına köklənirəm. Yazıları oxuduqca gözümün qarşısında Zülfüqar Hüseynzadənin sözləri canlanır. Mən mədəniyyət yazarı olduğum üçün hər dəfə deyirdi ki, “mədəniyyət xəbərlərinə üstünlük vermə, daha çox siyasi yazılar olsun, dostlarımızın çoxu siyasət adamlarıdır”. Çalışıram ki, Zülfüqar müəllimin dövründən qalan dostluqları qoruyub saxlayım. Nə qədər çətin olsa da, bunun üçün əlimdən gələni edirəm.

 

- Zülfüqar Hüseynzadənin ölümündən sonra saytda nələr dəyişdi?

- Çox şey... Bu, anidən oldu. Heç kim ağlına gətirməzdi ki, ayda bir neçə dəfə Kəlbəcərə gedən adam orada canını tapşıracaq. Gənc ruhlu idi Zülfüqar müəllim. Bu bədbəxt hadisə ailə üzvlərinə, dostlarına, çevrəsinə olduğu kimi sayta da təsirsiz ötüşmədi. Onun ölümündən sonra hər kəsi bir sual maraqlandırırdı. “İndi sayt necə olacaq?” Bir çoxları düşünürdü ki, moderator.az işini əvvəlki qaydada davam etdirə, bu meydanda çox davam gətirə bilməyəcək. Düzdür, Zülfüqar Hüseynzadəni heç kim əvəz edə bilməz, amma onun qoyub getdiyi sayt bu gün də sağlam təməllər üzərində fəaliyyətini davam etdirir. Bizim ən böyük şansımız kollektivimizdir. Komandamızda mətbuatda sözünü demiş, vaxtilə böyük vəzifə sahibi olub indi bizimlə birgə addımlayan əməkdaşlarımız var. Onlar bizə Zülfüqar müəllimin əmanətləridir.

 

- Sizcə, hazırkı vəzifəniz Zülfüqar Hüseynzadənin izlərini davam etdirmək missiyası baxımından hansı çətinlikləri ehtiva edir?

- Zülfüqar Hüseynzadə bu gün həyatda yoxdur. Amma onun qoyub getdiyi izlər - övladı, ailəsi, 10 ilini həsr etdiyi, əziyyətlə ərsəyə gətirdiyi saytı həyatdadır.

Bir məsələni də vurğulamaq istərdim. Onun sağlığında ətrafında çox dostları vardı. Hətta qardaşdan irəli olan. Bu gün onların bir çoxunu nə onun ailəsinin, nə də saytının yanında görürük. O, vəfat edəndən sonra bir dəfə belə olsa oğlu Hüseyni axtarıb onun problemləri ilə maraqlanmayıblar. Nə də zəng edib deməyiblər ki, nəyəsə ehtiyacınız varmı? Düzdür, Hüseynin, bizim onların dəstəyinə, zənginə ehtiyacımız yoxdur…

Yaxşı dostların dəstəyi ilə saytı yaşadırıq. Ən əsas da Medianın İnkişafı Agentliyindən maliyyə dəstəyi alırıq.

Bundan başqa, Zülfüqar Hüseynzadənin vəfalı yaxın dostları, millət vəkilləri yanımızdadırlar. Buradan onların hər birinə təşəkkür edirəm.

 

- Moderator.az-ı digər saytlardan nə fərqləndirir? Oxucu rəğbətini qazanmaq üçün nələr edirsiniz?

Moderator.az-ın peşəkar və maraqlı yazarları var. Məsələn, Sultan Laçın, İlham İsmayıl, Üzeyir Cəfərov, Seymur və digər yazarlarımızın hazırladığı yazılar maraqla qarşılanır. Bu gün əminliklə deyə bilərəm ki, moderator.az həm TV məkanında, həm sosial şəbəkələrdə, həm də saytlarda ən çox istinad edilən portallardan biridir. Burada hər kəs öz işini yaxşı bilir. Maraqlı müsahibələr, reportajlar, təhlillər, gündəm mövzularına uyğun açıqlamalar və sair. Demək olar ki, hər gün jurnalistlərin olduğu votsap qruplarında ən çox axtarılan baş redaktoram deyə bilərəm. Belə ki, TV əməkdaşları mütəmadi olaraq bizə danışan ekspertləri axtarır, ya da müsahiblərimizlə görüşmək istədiklərini qeyd edirlər.

- Növbəti illər üçün saytla bağlı hansı planlarınız, hədəfləriniz var? Oxucular sizdən hansı yenilikləri gözləsinlər?

- Saytımız 12 yaşına yeni dizaynla başlayır. Bu işdə direktor Əli Hüseynliyə, SMM mütəxəssisimiz Fatimə Qədirovaya xüsusi təşəkkür edirəm. Onlar son aylarda bu istiqamətdə çox çalışdılar. Növbəti hədəfimiz isə özümüzü videoformatda daha peşəkar şəkildə inkişaf etdirməkdir. Eyni zamanda, sosial şəbəkələrdəki aktivliyimizi artırmaq niyyətindəyik. Əsas hədəfimiz daha böyük oxucu kütləsinə çatmaq, onların ümid qapısı olmaq, etibar və etimad edilən media qurumuna çevrilməkdir.

 

- Mətbuatda ən gənc xanım baş redaktorlardansınız. Qeyd etdiniz ki, fərqli sferadan gəlmisiniz. Sənətşünaslıq, mədəniyyət, indi isə sosial-siyasət istiqamətli bir saytın baş redaktorusunuz. Çətin olmadımı?

- Əslində, mədəniyyətin özü də bir siyasətdir. Həyatda asan heç nə yoxdur. Hələ sən qadınsan və çalışdığın mühit, sferanın 80 faizi kişilərdirsə, heç asan deyil. Əsas məsələ mənasız söz-söhbətləri dinləməmək, hədəflərinə doğru yol almaqdır. Çətindir, amma bu, öhdəsindən gələ bilməyəcəyim anlamına gəlmir.