Kamaləddin Qafarov: “ Laçında rahat yaşamaları təmin ediləcək”

“İşğal dövründə ermənilər tərəfindən vəhşicəsinə dağıntılara və talançılığa məruz qoyulmuş Azərbaycan rayonlarından biri də Laçın olub. Laçın ölkəmizin ən böyük rayonlarından biri kimi böyük potensiala malikdir. İşğala qədər rayonda 1 şəhər, 1 qəsəbə, 125 kənd mövcud idi. Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. 1992-ci il mayın 18-də Ermənistan tərəfindən Laçın rayonu işğal edildikdən sonra bütün infrastruktura dağıdıcı zərbələr vuruldu. Rayonda 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edildi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edildi. Ermənilərin işğal dövründə Azərbaycan ərazilərində törətdikləri çoxsaylı hərbi cinayətlərdən biri də qanunsuz məşkunlaşdırma ilə bağlı olmuşdur. İşğal dövründə Ermənistan Laçında da qanunsuz məskunlaşma siyasəti aparmış, xaricdə yaşayan ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.

K.Qafarov deyib: “2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan xalqı özü beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etdi. Cari ilin mart ayının 28-də dövlətimizin başçısı Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsini bu vəzifəyə yeni təyin olunması ilə əlaqədar qəbul edərkən Laçının məhz hərbi-siyasi yolla azad olunması məsələsinə toxunaraq bildirdi ki, İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və Azərbaycan faktiki olaraq rayonun cənub hissəsini hərbi əməliyyatlar yolu ilə azad etdi. 2020-ci il noyabrın 9-u, Vətən müharibəsinin sonuncu günü Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olundu. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə götürüldü. Bununla da Azərbaycan həm hərb meydanında, həm də diplomatik danışıqlar masası arxasında tam üstünlüyünü bir daha sübuta yetirdi.”

 

Deputat Laçın rayonunun təhlükəsizliyinin təmin olunmasının oraya qayıdacaq keçmiş köçkünlərin rahat yaşamaları üçün vacib şərtlərdən biri olduğunu qeyd edib: “Prezident İlham Əliyevin çıxışında bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm də oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılmasını əsas vəzifələrdən biri kimi qeyd etməsi heç də təsadüfi deyil. Çünki bu iki məsələ bir-biri ilə sıx bağlıdır. Çox təəssüflər olsun ki, münaqişə başa çatsa da Ermənistan tərəfi hələ də müəyyən xarici qüvvələrin təhriki ilə Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışır. Ölkəmiz bu qüvvələrin anti-Azərbaycan ruhlarını yaxşı tanıyır. Otuz ilə yaxın müddət ərzində davam edən işğal dövründə məhz bu qüvvələr münaqişəni dondurmaq, işğalı möhkəmləndirmək üçün əllərindən gələni edirdilər. Buna görə də Azərbaycan hər zaman öz torpaqlarının təhlükəsizliyini və ərazi bütövlüyünün toxunulmazlığını təmin etməyə hazır olmalıdır. Məhz bu məqsədlə Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri artıq başa çatmaq üzrədir. Bu gün ölkəmiz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahibdir. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı dövlətimiz tərəfindən bütün gərəkən addımlar atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar. Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar. 2021-ci ilin 14 fevral və 16 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Laçın rayonunda səfərdə olmuşdur. Dövlətimizin başçısı fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını şəxsən qaldırmışdı. Artıq iki ildən artıq zamandır ki, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan icra edilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Bütün bu işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur”.