Caru ilin dekabr ayının 30-da Qax rayonunda yerləşən “Ulu Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətdə 2023-cü təsərrüfat ilinin yekunlarına həsr edilmiş cəmiyyətin ümumi yığıncağı keçirilmişdir.
Yığıncağı Cəmiyyətin direktoru Cahan Məmmədov açaraq qeyd etmişdir ki, “Ulu Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2014-cü il 27 fevral tarixində təsdiq olunmuş “Azərbaycan Respublikası Reqionların sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Dövlət proqramı” çərçivəsində və 16 aprel 2014-cü il tarixli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” na əsasən yaradılmışdır.
Dövlət dəstəyi əsasında “ ULU AQRO” Məhdud Məsuliyyətli Cəmiyyət, Qax Aqro Park 2017-ci ildə Qax rayonu ərazisində 2076 hektar sahədə yaradılmışdır. Aqro Park ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxaldan asılılığın azaldılması, regionda məşğulluğun artırılması, ənənəvi təcrübəyə əsaslanan müasir metodlardan və ən son texnologiyalardan daha səmərəli istifadə edilməsi, Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması və layiqincə təmsil olunması məqsədilə yaradılıb.
Yarandığı gündən dinamik inkişaf yolu keçən Aqro Parkda yüksək keyfiyyət və məhsuldarlığa malik geniş çeşiddə meyvə, tərəvəz və dənli bitkilər yetişdirilir.
Keyfiyyətli və beynəlxalq standartlara uyğun sağlam məhsullarımız bizə xarici bazarda güclənməyə imkan verir və məqsədlərimizdən biri də “Made in Azerbaijan” brendini bütün dünyada tanıtmaqdır.
Sonra ayrı-ayrı təsərrüfat rəhbərləri çıxış edərək əldə etdikləri nailiyyətlərdən qarşıda duran vəzifələr, problemlər və onların həlli yollarından bəhs etmişlər.
Tədbirdə cəmiyyətin işçiləri tərəfindən 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Vətənimizin bütövlüyünü təmin edən, olkəmizi qabaqcıl dövlətlər sırasına çıxaran cənab İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini yekdilliklə dəstəkləyəcəklərini və seçkilərdə ona səs verəcəklərini bəyan etmişlər.”Biz xalqımızın parlaq gələcəyini, Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının uğurlu davamını İlham Əliyev cənablarının ölkəmizə rəhbərliyində görürük”.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il bayramı və 2023-cü təsərrüfat ilinin yekunları ilə bağlı “Kənd-Qida-İş” Hİ Federasiyası tərəfindən cəmiyyətin bir sıra əməkdaşları Fəxri Fərman və pul mükafatı ilə təltif edilmişlər.
Tədbirdə Federasiyanın sədr müavini Təhmasib Əliyev iştirak və çıxış etmişdir.