Kılıçdaroğlu yenidən sədrliyə namizəd olacaq? - CHP-dən AÇIQLAMA

Türkiyənin ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) növbədənkənar qurultayı keçiriləcək.

Partiya sədri Özgür Özəl nizamnaməyə əsasən qurultay keçirilməsinə qərar verib. Buna səbəb sonuncu qurultayla bağlı ittihamlar olub. Belə ki, mətbuatda partiyanın sonuncu qurultayında saxtakarlığa yol verilməsi barədə xəbərlər yayılıb. Özəl partiyaya xüsusi nümayəndə təyin edilməsinin qarşısını almaq üçün qurultaya gedilməsinə qərar verildiyini bildirib.

Aprelin 6-da keçiriləcək qurultayda kimlərin namizəd olacağı hələlik məlum deyil. Özgür Özəlin yenidən namizəd olacağı gözlənilir.

Türkiyə mətbuatında partiyanın sabiq sədri Kemal Kılıçdaroğlunun da namizəd ola biləcəyi istisna edilməyib. Kılıçdaroğlu tərəfindən hələlik rəsmi açıqlama verilməsə də, yaxın günlərdə dəqiq qərarın açıqlanması gözlənilir.

Sabahinfo.az xəbər verir ki, məsələ ilə əlaqədar Modern.az CHP sədrinin müavini İlhan Üzgellə həmsöhbət olub.

O qeyd edib ki, qurulatyda hər kəs namizəd olmaq hüququna malikdir. İ.Üzgel hazırki sədr Özgür Özelin asanlıqla seçilməsini gözlədiklərini qeyd edib:

"Cənab Kamal Kılıçdaroğlunun mediaya verdiyi açıqlamasında namizədlik məsələsi ilə bağlı açıq şəkildə namizəd olub-olmayacağı barədə fikir bəyan etməyib. Dolayısı ilə bu məsələdə cənab Kılıçdaroğlunun yerinə danışmağım düzgün olmaz. Bu suala onun özü cavab verməlidir. Aprelin 6-da keçiriləcək qurultayda cənab Özgür Özelin asanlıqla yenidən sədr seçilməsini gözləyirik".

Qeyd edək ki, 2023-cü ildə keçirilən prezident seçkilərində məğlubiyyətə uğrayan Kemal Kılıçdaroğlu partiya rəhbərliyindən gedib.