“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İB geniş layihə tədbiri keçirdi 

Kimsəsiz Uşaqların Sosial Müdafiəsi”  İctimai Birliyinin təşkilatçılığı,  Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür! ” adlı layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində ailə dəyərləri mövzusunda tədbir  keçirildi.

Tədbirdə  Azərbaycan Respublikası Milli Məclisinin deputatları Elman Nəsirov, Vüqar İskəndərov, Naqif Həmzəyev və Müşfiq Cəfərov, “Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşov,  ADPU-nun tədris işləri üzrə prorektoru dosent  Eldar Aslanov, əməkdar jurnalist və bayraqdar.info saytının baş redaktoru Azər Həsrət, QHT nümayəndələri və tələbələr iştirak etdilər.
Təşkilatın sədri və layihə rəhbəri  Lamiyə İsazadə tədbirdə çıxış edərək layihənin məqsədi haqqında iştirakçıları məlumatlandırdı. O, qeyd etdi ki, ailədə və cəmiyyətdə valideyn məsuliyyətinin artırılması, yaşlı nəslə diqqət və hörmətin təbliğ edilməsi, ailənin sosial müdafiəsi, onun mümkün sosial təhlükə və risklərdən qorunması, ana və uşaqların psixoloji sağlamlığının möhkəmləndirilməsi, uşaqlarımızın, gənclərimizin milli-mənəvi dəyərlərimizlə tərbiyə olunması, böyüklərə hörmət, milli dəyərlərə bağlılıq, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam və arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutan bu layihə əsasən gənclərimizi maaarifləndirmək məqsədilə həyata keçirilir.
Məişət zorakılığı hallarının və əxlaqa zidd davranış qaydalarının qarşısını almaq, valideyn-uşaq münasibətlərinin düzgün formalaşdırılmasına töhfələr vermək, mütəxəssislərin fikirlərini almaq, ailədə formalaşan istər müsbət istərsə də mənfi mənəvi-psixoloji mühit cəmiyyətə də təsir etdiyindən, mənfi halların qarşısını almaq layihənin əsas məqsədlərindəndir. Layihə çərçivəsində sağlam ailələrin qurulması, ailə institutunun  möhkəmləndirilməsi, ailədə və cəmiyyətdə valideyn məsuliyyətinin artırılması istiqamətində araşdırmalar aparılaraq bu mövzuya dair zəruri olan hər şey öyrənilir deyə QHT sədri qeyd etdi.
ADPU-da təşkil olunan tədbirdə cəmiyyətin təməl daşı hesab olunan  sağlam və düzgün ailə tərbiyəsi  əsasında qurulan ailələrin təməlinin daha sağlam, daha möhkəm olduğu haqqında geniş fikir mübadiləsi aparıldı. Eyni zamanda  valideyn-övlad davranışı, övlad-valideyn davranışı, qloballaşma dövründə milli ailə dəyərləri, ailədə sevgi, hörmət, güvən məsələləri  ətrafında da  geniş söhbətlər aparıldı. Millət vəkilləri və digər qonaqlar hər biri ayrı-ayrılıqda çıxış edərək  “ailə dəyərləri” mövzusundakı fikirlərini səsləndirdilər və gənclərə öz töhfələrini verdilər.
Üç aylıq layihə çərçivəsində keçirilən  “ailə dəyərləri” mövzusundakı tədbirlər regionun  Bakı, Xaçmaz, Tərtər bölgələrini əhatə edəcəkdir.
Namiq QULİYEV