Kitabxanada COP29-a həsr olunan uşaq rəsm  sərgisi açıldı     

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında mütəmadi olaraq Fəxri və fəal oxucularının rəsm və əl işlərinin sərgiləri təşkil olunur.    Növbəti rəsm sərgisi Bakıda noyabr ayında keçirilən COP29-a həsr olunur. Kitabxananın kiçikyaşlı, fəal oxucusu Gözəl Namazova təbiətə, aydın səmaya, ətraf mühitə, heyvanat və bitki aləminə həsr etdiyi rəsmləri böyük həvəslə kitabxanaya təqdim etmişdir.      Gözəl Namazova kiçik yaşlarından rəsm çəkməyə başlayıb. Bakıdakı Oksford  məktəbinin (Baku-Oxford  School) 6-cı sinfində təhsil alan gənc rəssam müxtəlif rəsmlər çəkməyi və rəsmlər üzərində rəngli  muncuqlarla işləməyi sevir.      Sərgidə balaca rəssamın  yağlı boya ilə çəkdiyi  “Qış nağılı”, “Günəşin batması”, “Meşə” və muncuqla işlədiyi “Ceyran”, “Fil”, “Sakura gülü” və b. rəsmləri nümayiş olunur.     G.Namazovanın fərdi rəsm sərgisi kitabxanada bir ay davam edəcək.