Bu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, şair, 11 kitab müəllifi Sevinc Ağa Xəlilqızının “Ön cəbhə əfsanələri...” kitabı işıq üzü gördü.
Kitabda müəllif Qarabağ uğrunda döyüşən qəhrəman oğullara abidə ucaldır. Müəllif cəmi 44 gün ərzində tərkibində terrorçu və muzdurlar olan Ermənistan ordusunun, onların hərbi texnikasının, canlı qüvvəsinin məhv edilməsini və Azərbaycanın, onun qəhrəman əsgər və zabitlərinin gücünü, qüdrətini göstərir.
Müəllif kitabda 2020-ci ilin son aylarında təsadüf edən, Azərbaycanın Böyük Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsini, xalqımızı tarixin bu sınağından Zəfərlə çıxmasını dünyaya nümayiş etməyini və xalqımızın Vətənə sonsuz sevgisini təcəssüm edir. O, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqlarımızın düşmən tapdağından təmizləməsi və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən bir neçə fatehindən (əsgər və zabitlərdən) söhbət açır.
Yazıçı romanın baş qəhrəmanı Əmrulla Əliyevin həyat və doyüş yolunu izləyir. Kitaba şəhid Əmrulla Əliyevin yazdığı şeirlər də daxil edilib.
Kitab Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının “Şəhidlər ölməz, Vətən bölünməz”, “Şəhidlər unudulmur” və “Yaradıcı oxucularımız” layihələri çərçivəsində Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı ilə birgə nəşrə hazırlanıb.
Kitab bir neçə kitabxanaya, şəhid ailələrinə, qazi və veteranlara hədiyyə edilib.