Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar şeirlər təqdim edildi

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına yazıçı və şairlər yeni əsərlərini təqdim edir.

Şair, yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Xuraman İsmayılova Azərbaycanın şəhəri Lənkarana həsr olunmuş “Gözəl Lənkaran” şerini oxuculara təqdim edir.

Müəllif şeirdə payızı bar-bəhər, qışı tamaşa olan, gözəlliyi Xəzərdən nur alan,  hər güşəsi cənnətdən soraq olan Lənkəranın şəninə gözəl sözlər qoşaraq füsünkar təbiətindən bəhs edir. Bu gözəl yurdun hər guşəsini cənnətə bənzədir. 

“Gəlin Xanbulançaya” şeirində isə yurdumuzun cənub bölgəsində yerləşən, dağlar qucağında gümüştək parlayan Xanbulançayı vəsf edir.

          Gözəl Lənkəran

Üçcə gün mehmanın olmuşam sənin,
Gözəllər gözəli bulmuşam səni.
Hüsnünün heyranı olmuşam sənin,
Nə deyim şəninə, gözəl Lənkəran.

Qələmim acizdir təsvir etməyə, 
gözəlliyi tükənməyə, bitməyə, 
Ürək qoymur məni burdan getməyə,
Quş olub səmanda süzəm, Lənkəran.

Gözəlliyin nur alıbdır Xəzərdən,
Əzəmətli, vüqarlısan əzəldən.
Kimsə dönməz sənin kimi gözəldən,
Bahardır cilvələn, nazlan, Lənkəran.

Payızın bar-bəhər, qışın tamaşa,
Dağlar qanad açıb üzü günəşə.
Cənnətdən soraqdır burda hər guşə,
Xoşbəxtdir cənnətdə azan, Lənkəran.

     Gəlin Xanbulançaya

Dağlar qucağında gümüştək parlar,
Baxanın canına eşq odu salar, 
Ömürlük könlündə, gözündə qalar,
Görsən bircə dəfə Xanbulançayı.

Burda güllər bir-biriylə yarışır, 
Səmasında ulduzları sayrışır, 
Quşlar da ən şirin dillə danışır,
Tanıdır hər kəsə Xanbulançayı.

Havası qaymaqdır, suyu bal dadır,
 Cənnətə körpü də, yol da ordadır, 
Deməyin Xuraman sizi aldadır,
Görün bircə dəfə Xanbulançayı.