“Lüksemburq parlamentinin sədrinin söylədiyi fikirlər təxribatçı və qərəzli, bölücü mahiyyəti ilə yanaşı həm də siyasi cəhətdən savadsız, geosiyasi situasiyanın diqtə etdiyi reallığa və Ermənistanla Azərbaycan arasında davam edən sülh gündəminin hazırkı durumuna ziddir. Klod Vizler bu bəyanatı ilə mövcud reallıqdan nə qədər uzaq və məlumatsız olduğunu biruzə verməklə, əslində özü-özünü yumşaq desək biabır edib. Biz Azərbaycanda Lüksemburq kimi dünya siyasətində heç bir rolu olmayan bir dövlətin rəsmilərinin ölkəmizə qarşı qərəzinin haradan, daha doğrusu, hansı digər dövlətdən qaynaqlandığını yaxşı bilirik və Klod Visler kimilərinin həyəcanını başa düşürük”.
Sabahinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev bildirib.
“2020-ci ilin 44 günlük müharibəsində və ötənilki antiterror əməliyyatındakı hərbi qələbələrimizdən sonra onlarla Vizlerəbənzər qərbli, avropalı, əsasən də fransalı siyasət adamlarının Ermənistana gəlib özlərini gülünc vəziyyətə qoyduqlarının şahidi olmuşuq. Onlar nəyə təsir edə biliblər ki, Klod Vizler də bu “uğur”u təkrarlaya bilsin?
Bununla belə, yaxşı olardı ki, Lüksemburqun parlament sədri belə məsuliyyətsiz çıxışlar etmədən öncə ona verilən konspektlərdəki məlumatları dəqiqləşdirsin. Məsələn, Azərbaycan tərəfindən həbs edilən canilərin kimliklərinə dair ətraflı və obyektiv informasiya almağa çalışsın, onların insanlığa və bəşəriyyətə qarşı cinayət əməlləri barədə məlumatlı olsun. Cənab Vizlerin bilməsi yaxşı olar ki, o şəxslərin 30 il öncə qətl edikləri azərbaycanlı qadın, uşaq, yaşlı insanların qalıqlarını biz indi tapıb üzə çıxarır, onillərdir gözü yaşlı qalmış ailələrinə təhvil veririk ki, dinimizə uyğun dəfn edilsinlər. Bu, həmin ailələr üçün böyük təsadlıqdır ki, doğmalarının heç olmasa məzarlarının yerlərini biləcəklər. Görəsən, Klod Vizlerin təmsil etdiyi ölkənin vətəndaşlarına qarşı belə amanıszlıqlar etmiş canilərə münasibəti necə olar? Başqa bir dövlətin rəsmisi onlara “azadlıq” tələb edəndə bu, Vizlerin ürəyincə olarmı?
Belə çıxır ki, Ermənistan dövləti və rəsmiləri sözügedən canilərin mahiyyətinə bələddir deyə, onlarla bağlı bir kəlmə belə danışmır, ancaq uzaq və kiçik Lüksemburqun parlament sədri Qukasyanın, Saakyanın, Babayanın və başqalarının taleyindən narahatdır”,- deyə o bildirib.