Son illər respublikamızın sürətli inkişafı və görülən işlər ayrı-ayrılıqda hər sahədə, o cümlədən bölgələrəmizdən tutmuş şəhərdaxili yenidən qurma, təmir-bərpa işləri, gözoxşayan yaşayış, istirahət, dini, əyləncə komplekslərinin salınması şəhərin görünüşünə xüsusi ab-hava qatıb, özgə bir gözəllik bəxş edir. Bu işlərin tərkib hissəsi olaraq şəhərin bəzi ərazilərində — papanin, kubinka, sovetski, dağlı məhəlləsi kimi tanıdığımız, görünüşü ilə şəhərin infrostrukturuna xələl gətirən məhəllələrdə kiçik ölçülü, səliqəsiz, ötən əsrlərin qədim yaşayış məskənlərini xatırladan damı qırlı evlərin sökülüb əlverişli ərazilərdə hündürmərtəbəli binalarla əvəzlənməsi, əlverişsiz ərazilərin sakinlərinə isə yaşayış yerinin sahəsinə uyğun kompensasiya verilməsi nəzərdə tutulub.
Səlahiyyətinə görə nəzarət-təftiş, görülən işlərin obyektivliyinə, hüquq çərçivəsində görülməsinə və həllinə peşəkarlıqla rəhbərlik edən Zülfəli İsmayılovun adı söküntü ərazilərinin sakinləri tərəfindən haqsız olaraq amansız məmur kimi hallandırılır. Əslində məsələnin dərinliyinə varsaq Zülfəli İsmayılovun "əmr qulu"olub tapşırılan işin icracısı olduğunu, dövlət büdcəsinin isə onun şəxsi xərac yeri olmadığının, lakin buna baxmayaraq səlahiyyəti daxilində sakinlərin razı salınması üçün əlindən gələni etdiyinin, onlara hər cür dəstək olduğunun şahidi olarıq.
Təəssüflər olsun ki, dövrümüzdə “vicdan” sözü də əqidə, dürüstlük, ədalət məhfumu kimi naxələf çıxaraq mənfəətə, tamaha, nəfsə boyun əyib. Biz yaxşını deməyi, pisi yaxşıdan seçməyi, olanımıza qane olub, nəfsimizə hakim kəsilməyi nə zaman yadırğayıb, bizə məxsus olmayanı şərlə, böhtanla əldə etməyi qənimət bilib cibimizi doldurmağı, yediyimiz qaba tüpürməyi, bizə yardım üçün uzanan əli biləkdən kəsməyi nə vaxt öyrənib, vəzifəsini, səlahiyyətini kənara qoyub hər birimizi ata, qardaş, dost nəvazişi ilə qarşılayıb əlindən gələni edən insana qara yaxmağı kimdən öyrəndik?
Təbii, narazı toplum arasında qane olmayanlar bəlli kütlədir. Onların nədən bu cür davrandığını özgələri bilməsə də yaxın ətrafı, qonşular və məhəllə adamları yaxşı bilir. Əslində onları narahat edən nahaqdan davasını döydükləri kompensasiyanın azlığı yox, “məlum işlər”inin yarım qalması, gizli “gəlir yerləri”nin dağıdılmasıdır. Əks halda bir qarın çörəyə möhtac olduqları halda şəhərin mərkəzini bəhanə gətirib "alaçıq"ları xatırladan tikililərindən çıxmaq istəmədiklərinin səbəbi nədir?
Hər bir adamın psixologiyası, danışığı və davranışı, qarşı tərəfə münasibəti onu tərbiyə edənlərin şüurunun və böyüdüyü mühitin aynasıdır.
Ən çox təəssüf etdiyim məqam isə reytinq xatirinə anlamadan, dinləmədən, işdən hali olmadan, araşdırmadan “yazmaq, danışmaq” xatirinə əlinə qələm və mikrofon alıb: "Mən də varam" demək istəyənlərin olmasıdır. Bu isə ölkədə pinəçinin işini kisəçinin gördüyünün, atların ölüb itlərin bayram etdiyinin ən bariz sübutudur.
Aida Bayramova