Fransa Yeni Koledoniyadakı etirazlarda Azərbaycanı qınamaqdansa kolonial siyasətinə son qoymalıdır. Bu ölkənin daxili işlər nazirinin həddini aşaraq Azərbaycana qarşı təhqiramiz ifadələr işlətməsi yolverilməzdir. Rəsmi Bakı ölkəmizə qarşı və Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının liderləri arasında iddia olunan münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edir. Məsələ burasındadır ki, Fransa uzun illərdir, yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törədir. Milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini hər kəs yaxşı xatırlayır. Amma Fransalı nazir ölkəsinin törətdiyi cinayətləri başqasının boynuna yıxmağa çalışır.
Yeni Koledoniyaya gəlincə, bu, 50 ildən artıq yaşı olan azadlıq mübarizəsidir, Fransanın kolonial siyasətinə qarşı hərəkatdır. Bunu bu gün Azərbaycanın üzərinə yıxmaq absurddur. Fransa uzun illərdir bu ərazidə demoqrafik vəziyyəti dəyişməyə çalışır. Uzun illərdi ki, Fransa hökuməti Yeni Kaledoniyanı müstəmləkəsi kimi əsarətində saxlamaq, habelə adanın yerli sakinləri olan Kanakları assimiliasiya etmək üçün kənardan minlərlə miqrantı qanunsuz yolla adaya yerləşdirir. Müstəqillik tərəfdarı olan kanakları azlığa çevirmək və miqrantların hesabına Fransa işğalını davam etdirmək üçün Makron hökuməti Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq bu ölkənin seçki qanunvericiliyini dəyişmək qərarına gəlib. Fransa hökuməti miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üstünlük qazanmağa çalışır.
Yeni Kaledoniyanın müstəqillik tərəfdarları uzun müddətdir ki, Fransa Hökumətini seçki kütləsinin sayının qanunsuz genişləndirilməsinə dair qanun layihəsinin dayandırılmasına çağırış edirdi. Bu qanun layihəsinin zorla qəbul olunmasının Yeni Kaledoniyada acınacaqlı sonluqla nəticələnəcəyi barədə dəfələrlə xəbərdarlıq edilirdi.
Biz eyni etirazların ən sərt formasını Mali, Burkina Faso, Niger və digər ada dövlətlərində də müşahidə etmişik. Fransa faktiki bu ərazilərdən qovulub.
300 ildən çoxdur ki, Fransa Mərkəzi və Qərbi Afrikanın həm insanlarını, həm də təbii resurslarını ən iyrənc formada istismar edir. Yəni, rəsmi Paris inkişafa müstəmləkəçilik siyasəti hesabına nail olub. Nigerin, Qabonun timsalında əlindən çıxan resurslar Fransanı daha da aqressivləşdirir və rəsmi Paris bunun günahını kənarda axtarmağa can atır. Amma bu ittihamların heç bir əsası və mənası yoxdur.
Könül Nurullayeva,
Milli Məclisin deputatı