"Regionda baş verən hadisələr, Azərbaycanın aktiv nəqliyyat siyasəti, müasir infrastruktur layihələrinin icrası Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsinə imkan yaradıb".
Bunu "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, hər il bu dəhlizlərdən keçən yüklərin həcmi artmaqdadır:
"Lakin iqtisadi siyasətin hədəfi təkcə yüklərin ölkəmiz ərazisindən keçməsi deyil, həm də biznesin bu imkanlardan daha çox yaralanmasını təmin etməkdir.
“Bizim istəyimiz təkcə böyük yükləri aşıran tranzit ölkə olmaq deyil. Bizim istəyimiz odur ki, bu nəqliyyat marşrutları üzərində istehsal sahələri yaradılsın, biznes imkanları yaradılsın, sərmayə qoyulsun” - bu gün keçirilən müşavirədə dövlət başçısı iqtisadi siyasətin bu hədəfini bir daha bəyan etdi. Məhz nəqliyyat imkanlarının istehsal və xidmət sahələrinə tranformasiya olunması, bu unikal şansdan biznesin yaralanması ölkə iqtisadiyyatına daha çox fayda verə bilər.
“Biz gərək nəqliyyat dəhlizlərinin biznesə olan təsiri haqqında özümüz üçün konseptual qaydada bir araşdırma aparaq və özümüz üçün bir hədəf müəyyənləşdirək ki, biz nə istəyirik. Ölkə ərazisində Cənubdan Şimala və Şərqdən Qərbə gedən yollar demək olar ki, rayonlarımızın əksəriyyətini əhatə edir. Deməli, hər bir istiqamət üzrə spesifikaya görə, iqlimə görə, ixtisaslaşmaya görə xüsusi bir biznes imkanları olmalıdır. Hökumət üzvləri bu məsələ ilə bağlı öz təkliflərini hazırlasınlar” - dövlət başçısının bu tapşırığı Azərbaycan iqtisadiyyatının yeni imkanlara hazırlanmasını təmin edəcəkdir. Bu imkanlara həm yük daşımalarına xidmət etmək, həm xidmət sektorunda cəlbedici təkliflər irəli sürmək, həm də istehsal və yarı-istehsal sahələri yaratmaqla bu dəhlizlərdən daha çox faydalanmaq imkanları aiddir.
Əminəm ki, hazırlanacaq təkliflər biznes strukturlarının dövlət başçısının fədakarlıqla yaratdığı və ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizi imkanlarından daha çox yararlanmasına səbəb olacaqdır. Nəqliyyat dəhlizlərinin əksər rayonlardan keçməsi bu imkanın regionların inkişafına mühüm töhfə verməsinə səbəb ola bilər".