“Müasir dövrümüzdə Azərbaycan Respublikasının konstitusion dövlət kimi təşəkkül tapması, ölkədə ictimai-siyasi proseslərlə müşayiət olunan tarixi şərait bu müstəvidə fəaliyyət göstərən görkəmli siyasi liderlərin dinamik mübarizə xətti ilə bağlıdır. Konstitusiya mövcud dövlətin bütöv hüquq sisteminin özəyi kimi çıxış edən, ölkə vətəndaşlarının əksəriyyətinin maraq dairəsində olan ictimai həyatı və əsas dövlət qurumlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktdır”. Bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib.
Onun sözlərinə görə, Konstitusiyaların keyfiyyətləri onun yüksək hüquqi qüvvəyə malik olması və hüquq sisteminin fundamental mənbəyi kimi çıxış etməsidir: “Əvvəla, konstitusiya normaları digər normalara münasibətdə prioritet mövqedən çıxış edir. İkincisi, qanunlar və digər qanun qüvvəli aktlar konstitusiyada müəyyən edilən qayda və prosedura uyğun qəbul edilməlidir. Ümummilli Liderimiz Heydər Əliyevin titanik səyləri nəticəsində 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Konstitusiyası fundamental bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik və insan haqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə əks etdirir. Ulu öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir”.
Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir.
Əminə Ağazadə bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən və konstitusiyalı quruluşun əsaslarını təşkil edən ideya və dəyərlər geniş şəkildə öz əksini tapmışdır: dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı; insan şəxsiyyətinə və ləyaqətinə hörmət; dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; siyasi sistemdə plüralizmə təminat verilməsi; sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və sair:
“Konstitusiya ölkə qanunvericiliyinin inkişafı üçün əsas baza kimi çıxış edir. Sözsüz ki, keçən əsrin 90-cı illərinin ortalarında yeni Konstitusiya qəbul edilmədən demokratik inkişafa və hüquqi dövlət quruculuğuna nail olmaq mümkün deyildi. Bu mənada, Əsas Qanun həqiqətən də milli dövlətçiliyimizin inkişafına güclü təkan verən mühüm amillərdən oldu. Konstitusiyamızın hüquqi dövlət quruculuğunun müasir tendensiyalarından çıxış edərək bir sıra yeni institutların - Konstitusiya Məhkəməsinin, insan hüquqları üzrə müvəkkilin (ombudsmanın), yerli özünüidarəetmə orqanlarının yaradılmasına, dövlət quruluşunda hakimiyyətlər bölgüsü prinsipinə ciddi əməl edilməsinə dair müddəaları demokratik siyasi sistemin qurulmasının zəruri şərti kimi çıxış etdi. Azərbaycan Respublikası Konstitusiyasının dövlət və hüquq sistemimizə gətirdiyi mühüm yeniliklərdən biri də dövlət hakimiyyətinin ali orqanları sistemində müstəqil məhkəmə hakimiyyətinin mövqeyinin gücləndirilməsi olmuşdur. Çünki müasir sivil cəmiyyətlərdə güclü və müstəqil məhkəmə hakimiyyəti insanların dövlətə olan etimadının, vətəndaş sülhünün təminatının, vətəndaş cəmiyyəti quruculuğunun, hətta iqtisadi inkişafın vacib şərtlərindən biri kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiyasının ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, o, müasir dövlət quruculuğu üçün tələb olunan, demək olar ki, bütün prinsipial məqamları özündə əks etdirir. Bu isə Konstitusiya müddəaları əsasında müxtəlif səviyyədə zəruri islahatların həyata keçirilməsinə rəvac vermişdir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoymuşdur”.