Könül Nurullayeva: “Bakıda keçirilən konfrans minalardan təmizlənmənin maliyyələşməsi və innovasiyaların tətbiqi üçün platforma ola bilər”

4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ərəfəsində Bakıda keçirilən beynəlxalq tədbir bir daha dünyanın diqqətini mina probleminə yönəltdi. BMT-nin 2030-cu il üzrə Davamlı İnkişaf Gündəliyinin məqsədlərinə nail olunmasında da minatəmizləmə xüsusi yer tutur. Azərbaycan da mina təmizlənməsi sahəsində bütün təkliflərə açıqdır və ölkəmizin 2030-cu ilədək prioritetləri sırasına işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin oraya qayıtması daxildir. Bir daha bəyan olundu ki, Cənubi Qafqazın, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi, əhalinin qayıdışı və bu ərazilərdən səmərəli istifadə üçün vacibdir. Avropa İttifaqı və BMT-nın rəsmiləri də bu prosesdə dəstək nümayiş etdirməkdə maraqlıdır. Yəni, Azərbaycanın yenidənqurma və bərpa işləri çərçivəsində mina təmizləmə fəaliyyətinə beynəlxalq dəstək var. Təcrübə göstərir ki, humanitar minatəmizləmə ilə uzunmüddətli sülh və sosial-iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə var. Bu məsələ ilə bağlı beynəlxalq ekspertlərin də mövqeyi üst-üstə düşür. Bakıda keçirilən konfransda bir daha beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırıldı ki, qayıdış, bərpa-quruculuq üçün ən böyük maneə məhz Ermənistanın basdırdığı minalardır. Hətta bəzi ekspertlər ən dəhşətli minaların ermənilər tərəfindən məhz Azərbaycan ərazilərində basdırıldığını bildiriblər. Təəssüf ki, Azərbaycan minalara, partlamamış hərbi sursatlara və müharibənin partlayıcı qalıqlarına görə dünyanın ən çirklənmiş ölkəsi kimi qeydə alınıb. Aydındır ki, mina insanların həyatı üçün böyük təhlükədir. Azərbaycanda bu vaxta qədər 3000-dən çox mina qurbanı qeydə alınıb. Ərazilər minadan təmizlənməsə, qubanların sayı getdikcə arta bilər.  

Bakıda keçirilən beynəlxalq konfrans eyni zamanda mina təmizlənməsi sahəsində ən qabaqcıl təcrübənin bölüşülməsi, texnoloji və metodoloji yeniliklərin tətbiqi imkanlarının nəzərdən keçirilməsi baxımından önəmlidir. Mövcud vəziyyət göstərir ki, beynəlxalq səviyyədə minaların təmizlənməsinə ayrılan vəsaitlər azdır. Beynəlxalq fondların bu işdə fəal olmasına ehtiyac var. Azərbaycan unikal modelə çevrilmək, minalardan azad olmaq əzminddədir. Bakıda keçirilən beynəlxalq tədbir həmçinin minalardan təmizlənmənin maliyyələşməsi və innovasiyaların tətbiqi üçün platforma ola bilər. Yaradılması nəzərdə tutulan Qlobal Etimad Fondu Azərbaycanın minalardan təmizlənməsi layihələrinə dəstək ola, donorların prosesə cəlbini sadələşdirə bilər. Ümumiyyətlə, Bakıda aparılan müzakirələrin beynəlxalq inkişaf və humanitar minatəmizləmə ictimaiyyətinə təqdim olunması gələcək əməkdaşlığa zəmin yaradır.