Azərbaycanın müstəqillik dövrünün ən nəhəng istilik elektrik stansiyasının inşasına İtaliya şirkətlərinin cəlb olunması təsadüfi deyil. İtaliya ilə Azərbaycan strateji tərəfdaş olan dost ölkələrdir. Vətən müharibəsi dövründə də İtaliya Azərbaycanla həmrəylik nümayiş etdirdi. Bu ölkənin mediasında yalnız obyektiv materiallar yayımlanırdı, beləliklə də Ermənistanın dezinformasiya siyasəti iflasa uğrayırdı. Hər iki ölkə bütün beynəlxlq platformalarda bir-birini dəstəkləyir.
Enerji sahəsində də Bakı ilə Roma uğurlu əməkdaşlıq təcrübəsinə malikdir. Cənub Qaz Dəhlizi, TAP-la əlaqədar Azərbaycan-İtaliya əməkdaşlığı nümunəvi xarakter daşıyır. Təsadüfi deyil ki, azad edilmiş ərazilərdə də İtaliya şirkətləri fəallığı ilə seçilir. Bu ölkəni təmsil edən şirkətlər eyni zamanda Qarabağda tarixi irsin bərpasına da cəlb olunub. Azərbaycan İtaliya ilə “yaşıl kimya”, “yaşıl enerji”, “yaşıl enerji zonası”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında sıx əməkdaşlıqda maraqlıdır.
İtaliya ilə əməkdaşlıq həm də Azərbaycanın Avropanın enerji resursları ilə təmin olunmasında artan rolunun tərkib hissəsidir. Bu mənada Mingəçevirdə təxminən 1300 meqavat gücündə olan stansiyanın inşasına İtaliya şirkətlərinin cəlb edilməsi effektiv nəticələr əldə eməyə imkan verəcək. Prezident İlham Əliyevin də söylədiyi kimi, İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. Bu əməkdaşlıq təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
Beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.
Ümumiyyətlə, Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu isə bütün tərəflər üçün qazanc demıkdir. Çünki Avropanın öz enerji təhlükəsizliyinin qorunması üçün qaza ehtiyacı var. Azərbaycan isə bu əməkdaşlıq sayəsində özünün nəhəng enerji resursları üçün etibarlı bazara çıxmış olur.
Ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumun da artıq icrasına başlanıb. Bu da Azərbaycanın nüfuzunun və iqtisadi imkanlarının daha da artması deməkdir.