Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin yenə separatizmə dəstək verərək, əsl simasını gizlədə bilməyib. Bu dəfə o, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən erməni əsilli bir neçə separatçı-terrorçudan ibarət rejimə “təbrik məktubu” göndərib.
Bu davranış ilk növbədə Rusiyanın öz mövqeyilə ziddiyyət təşkil edir. Bu, bir daha göstərir ki, Zatulin reallıq hissini tamamilə itirib. Məlumdur ki, separatçı rejim başda Rusiya olmaqla heç bir ölkə tərəfindən tanınmır. Digər tərəfdən, 44 günlük müharibədən sonra vəziyyət tamamilə dəyişib. Separatçıların tör-töküntüsünün gec-tez Azərbaycan ərzilərindən rədd edilməsi reallıqdır.
Burada yalnız erməni əsilli vətəndaşlar qala bilər ki, onlar da Azərbaycan vətəndaşlarıdır. Hər hansı rejim, qondarma qurumun fəaliyyətindən söhbət gedə bilməz. Bu mənada heç vaxt respublika olmayan qondarma rejimi respublika günü münasibətilə təbrik etmək sülhü pozmaq cəhdidir. Bu davranış Rusiyanın da imzası olan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla ziddiyyət təşkil edir. Bu, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş mövqedir. Təəssüf ki, ilk dəfə deyil. Zatulin işğal dövründə də öz qərəzli ampluasında idi. Bir vaxtlar Azərbaycan rəhbərliyini kompromis istəməməkdə ittiham edir, əsassız bəyanatlarla qızışdırıcı mövqe sərgiləyirdi. Üstəlik, 2010-cu ilin mayında qondarma rejimdə keçirilən seçki şousuna müşahidəçi kimi qatılaraq bitərəf olmadığını açıq şəkildə nümayiş etdirmişdi. Halbuki həmin vaxtlar onun ölkəsi münaqişənin həllilə bağlı vasitəçilik missiyasını yerinə yetirirdi.
Rusiya Dövlət Dumasının üzvü kimi Zatulin söylədiyi hər bir kəlməyə görə məsuliyyət daşıyır. Öz ictimai-siyasi fəaliyyətini erməni lobbisinin təsiri və maliyyəsi ilə həyata keçirən Zatulin regionda yaranmış reallıqları qəbul etməyə məcburdur.