Könüllülük prinsiplərinə sədaqət ənənəsi  davamlı olacaq

“Mən göstəriş vermişdim ki, dövlət qurumlarında könüllülərdən ibarət qruplar yaradılsın. Hesab edirəm ki, özəl şirkətlər də bu işə cəlb edilməlidir. Əslində, bu, çox nəcib bir işdir, təmənnasız kiməsə kömək etmək doğrudan da çox nəcib bir işdir.” Bunu sözləri Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.
Cənab Prezident çıxışında könüllülüyün digər ənənəvi davranış qaydalarının yeni bir təzahürü olduğunu, ona görə də bu hərəkata çox müsbət baxaraq, gənclərin təşkilatlanması, bir amal uğrunda birləşməsi, cəmiyyətin saflaşması və kadr potensialının hazırlanması nöqteyi-nəzərdən Azərbaycanda bu hərəkatın çox gözəl gələcəyi olacağına əminliyini bildirib.
Azərbaycan xalqının hər zaman ehtiyacı olan insanlara könüllü olaraq yardım etməsi milli xüsusiyyətimizə xas olan ənənədir. Mərhəmət, xeyirxahlq kimi bəşəri keyfiyyətlər Azərbaycan xalqının daxili dünyasının təzahürüdür. Daim belə nəcib işlərlə fərqlənmişik. Sadəcə olaraq bu işlər pərakəndə şəkildə, fərdi olaraq görülürdü. Son dövrlərdə Cənab İlham Əliyevin təşəbbüsü ilə könüllülük hərəkatı Azərbaycanda təşkilatlandı, vüsət aldı. Bu sahədə strategiya formalaşdı və gənclərin buna marağı artdı.
Könüllülər hərəkatının Azərbaycanda şəbəkə formasında genişləndiyi ilk hökumət strukturu “ASAN xidmət” mərkəzlərində oldu. ASAN könüllüləri yeni dövrün ilk könüllüləri kimi formalaşdı. “ASAN xidmət”dən sonra bir neçə digər dövlət qurumunda könüllülər qruplarının yaranması, həm gənclər üçün, həm ölkə üçün çox önəmli və alqışalayiq hadisə kimi dəyərləndirildi. Bütövlükdə “ASAN xidmət” yarandıqdan bu günə qədər bəlkə də on minlərlə könüllü bu mərkəzlərdə çalışıb və sonradan onların bir çoxu həyatda özünü təsdiqləyib. Çünki orada əldə edilən həm iş təcrübəsi, eyni zamanda, mədəni davranış və orada insanlara aşılanan xeyirxahlıq, əlbəttə ki, hər bir gəncin bacarıq keyfiyyətini daha da artırdı. Beləliklə, könüllülər hərəkatı Azərbaycanda tam olaraq formalaşıb və vüsət alıb.
Dövlət başçısı Könüllülər hərəkatının Azərbaycanda günü-gündən genişləndiyini bildirərək, vətən müharibəsi dövründə gənclərimizin sosial şəbəkələrdəki fəallığını və informasiya mühribəsində könüllülərin fəaliyyətini xüsusi olaraq qeyd etdi. Təkcə Azərbaycan vətəndaşlarının deyil, dünya azərbaycanlılarının da öz təşəbbüsü ilə bu işlərə könüllü olaraq qoşulmalarını diqqətə çatdırdı. Həmçinin, ölkəmizin multikultural dəyərlərə önəm verməsini önə çəkdi.
Azərbaycanda müxtəlif millətlərə və dinlərə məxsus insanlar sərbəst, qarşılıqlı hörmət şəraitində yaşayır, fəaliyyət göstərirlər. Mədəni müxtəlifliklərinin qorunması və inkişafı, azsaylı xalqların milli mədəniyyətinə inteqrasiyası ənənəvi formada yaşadılır. Multikultural və tolerant dəyərlər Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, daim yaşadılmış və inkişaf etdirilmişdir. Azərbaycan bu sahədə nümunəvi, çoxkonfessiallı unikal bir diyardır. Respublikamızda digər xalqlara və etnik qruplara məxsus gənclərimiz də kifayət qədərdir. Onlar da cəmiyyətimizin əsas aparıcı qüvvəsi kimi müxtəlif sahələrdə fəal çalışırlar. İkinci Qarabağ müharibəsində onlar öz vətənləri uğrunda canlarından keçdilər. Cənab Prezident də bunu öz çıxışında xüsusi olaraq vurğuladı. Könüllülər arasında da müxtəlif xalqlara və dinlərə məxsus gənclərimiz az deyil. Onlar da vüsət almış könüllü şəbəkənin ayrılmaz bir hissəsi kimi çalışırlar.
Hesab edirəm ki, könüllü xidmət sahəsində kifayət qədər nümunəvi nailiyyətlər əldə etmişik. Dövlətin bu sahəyə dəstəyi bütün sahələri əhatə edir. İstər hökumət, istərsə də QHT-lər bu dəstəkdən faydalanır.



Emil Seyidəliyev
QHT-lər üzrə ekspert