Korrupsiyaya qarşı preventiv tədbirlər dövlət siyasətinin əsas istiqamətlərindədir

“Korrupsiyaya qarşı ardıcıl mübarizənin aparılması Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas istiqamətini təşkil etdiyindən, korrupsiyaya qarşı preventiv tədbirlərin görülməsi, davamlı islahatların aparılması, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması, onları törətmiş şəxslərə münasibətdə ciddi tədbirlərin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilir”.

Bu fikirləri Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə komissiyanın üzvü, Milli Məclisin deputatı Əminə Ağazadə Ölkə Başçısı tərəfindən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq olunmasını şərh edərkən bildirib.

Deputat qeyd edib ki, son dövrlər ərzində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlər korrupsiya və rüşvətxorluğa qarşı fundamental mübarizəyə başlanılmasının, dövlət başçısının qeyd edilən neqativ təzahürlərin tam aradan qaldırılmasına yönəlmiş siyasi iradəsinin qətiyyətlə həyata keçirildiyinin göstəricisidir.

Sevindirici haldır ki, gənc dövlət olmasına baxmayaraq, Azərbaycan Respublikası qısa müddət ərzində korrupsiyaya qarşı mübarizə sferasında beynəlxalq standartlar səviyyəsində çevik strategiya formalaşdırmış və onun səmərəli tətbiqinə nail olmuşdur.

Göründüyü kimi, Azərbaycan Respublikasında yürüdülən islahat konsepsiyaları həyatiliyi, uğurlu nəticələri və davamlılığı ilə xarakterizə olunmaqla hər bir dövrün spesifik tələbləri nəzərə alınaraq mərhələlərə bölünür, onun mümkün nəticələri öncədən görülür, ən əsası isə milli mənafeyə xidmət edəcək cəhətləri əvvəlcədən hesablanılır.

Bu baxımdan dövlət sektorunda idarəetmə mexanizmlərinin, ictimai iştirakçılığın təkmilləşdirilməsi, beynəlxalq antikorrupsiya standartlarının, möcud qanunverici bazanın mütərəqqi təcrübə əsasında daha da yüksək səviyyəyə qaldırılması dövlətimizin qarşıya qoyduğu əsas məqsədlərdəndir.

“Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illəri əhatə edən çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edəcək, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradacaqdır”